YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın səhiyyə sistemi birinci Avropa Oyunlarına tam hazırdır

Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları zamanı turistlərin və yerli əhalinin sağlamlığının qorunmasının yüksək səviyyədə təmin edilməsi üçün səhiyyə sistemində xüsusi tədbirlər həyata keçirilib.

Səhiyyə Nazirliyində Avropa Oyunları ilə əlaqədar xüsusi komitə yaradılıb. Həkimə ehtiyacı olan şəxslər ilk növbədə təcili yardıma müraciət etdikləri üçün təcili tibbi yardım xidmətinin təşkilinə böyük önəm verilib. Qonaqlara və Azərbaycan vətəndaşlarına yüksək səviyyəli təcili yardım xidmətlərinin təmin edilməsi məqsədilə müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz olunmuş yeni təcili tibbi yardım avtomobillərinin istismara verilməsi nəzərdə tutulub. Yarışların keçirildiyi bütün arenalarda, qonaqların qaldığı otellərdə, Olimpiya şəhərciyində, kütləvi tədbirlərin təşkil etdiyi yerlərdə təcili tibbi yardım xidmətinin 35 briqadası xüsusi növbətçilik sistemi ilə çalışacaq. "103” xidmətində xarici dilləri mükəmməl bilən xüsusi nümayəndələr ayrılıb. Onlar çağırışların qəbul olunması, əcnəbi qonaqlar və idmançılarla əlaqə qurulması üçün tibb personalına kömək edəcək.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 400-ə yaxın həkim və orta tibb işçisi beynəlxalq təcili tibbi yardım standartları üzrə təlimlərə cəlb olunub.

İyun ayının 1-dən gücləndirilmiş iş rejiminə keçmiş Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası həm əhaliyə, həm də gələn qonaqlara, idmançılara və media işçilərinə yardım göstərməyə tam hazır vəziyyətdədir. Artıq növbətçilik cədvəli də tərtib olunub.

Paytaxtda Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi, Mingəçevirdə isə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanası idmançılara və qonaqlara müvafiq tibbi xidmət göstərilməsi üçün tam hazır vəziyyətə gətirilib.