YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası birinci Avropa Oyunları ilə bağlı qərar qəbul edib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Kollegiyası “Bakı-2015” birinci Avropa Oyunlarının telekommunikasiya, internet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminatı, informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkə və obyektlərinin dayanıqlığının hazırlıq vəziyyəti haqqında qərar qəbul edib.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, qərara əsasən, sadalanan istiqamətlər üzrə görülmüş işlərin lazımi səviyyədə yerinə yetirilməsi və başa çatdırılması nəzərə alınmalıdır.

Qərarda qeyd olunur ki, birinci Avropa Oyunlarına hazırlıq ərəfəsində və oyunların keçiriləcəyi müddətdə nazirliyin öhdəliklərinin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq. İyunun 30-dək oyunlarla əlaqədar “Qaynar xətt” xidməti fəaliyyət göstərəcək. “Bakı 2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) İnteqrasiya qrupunun iclaslarında iştirak təmin ediləcək və müvafiq qərarlar üzrə tədbirlər görüləcək. Nazirliyin birlik və müəssisələrinə, mobil və özəl telekommunikasiya operatorlarına BAOƏK-lə razılaşdırılaraq göndərilmiş müvafiq tapşırıqların icrasına ciddi nəzarət ediləcək. BAOƏK-in Texniki Əməliyyat Mərkəzinin fəaliyyəti nəzarətdə saxlanılacaq və nazirliyin öhdəlikləri üzrə yarana biləcək problemlərə dair operativ tədbirlər görüləcək. Bakı şəhərinin zəruri ərazilərində “Wi-Fi” xidmətlərinin keyfiyyətinə nəzarət təmin olunacaq. Mobil rabitə xidmətləri üzrə aparılmış monitorinqin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görüləcək. Birinci Avropa Oyunları ilə əlaqədar olaraq BAOƏK-ə ayrılmış tezliklərin müdafiəsi və efirin monitorinqinin aparılması üzrə tədbirlər ciddi nəzarətlə davam etdiriləcək. Oyun və təşkilati məkanlara çəkilmiş optik və mis kabellərin normal fəaliyyəti, mühafizəsi təmin ediləcək və ciddi nəzarətdə saxlanılacaq, bu məkanlara çəkilmiş stasionar telefonların normal işi təmin olunacaq. Birinci Avropa Oyunlarının “Azerspace-1” peyki üzərindən yayımının təşkilinə ciddi nəzarət ediləcək. Mingəçevir Kür İdman Mərkəzinin və Atletlər kəndinin BAOƏK-in Bakı şəhərində qurulmuş data mərkəzləri və Beynəlxalq Yayım Mərkəzi ilə keyfiyyətli rabitəsinə və magistral kabellərin mühafizəsinə ciddi nəzarət olunacaq. Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən dövlət və strateji saytların mühafizəsinin və “Tetra” radio avadanlığının işi nəzarətdə saxlanılacaq. “Delta Telekom LTD” MMM tərəfindən oyunlara tələb olunan internetin tutumunun və təhlükəsizliyinin təmin ediləcəyi barədə kollegiyaya təqdim edilmiş təqdimat nəzərə alınacaq. Elektron Təhlükəsizlik Mərkəzi İSP-lərin internet xidmətlərinin təhlükəsizliyinin təmin olunması üzrə işləri davam etdirəcək. “Azercell Telekom” MMC, “Bakcell” MMC və “Azrefon” MMC respublika ərazisində və magistral avtomobil yollarında, xüsusilə oyun və təşkilati məkanlarda “2G”, “3G”, “4G” mobil xidmətlərinin yüksək keyfiyyətlə göstərilməsini təmin edəcək. Qərarın icrasına nəzarət rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədova tapşırılıb.