YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin uğurları daha böyük olacaq

Vüqar İsayev

Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Bu gün Azərbaycanın hərtərəfli inkişafı, əldə olunan sosial-iqtisadi tərəqqi, güclü siyasi iradəmizin və fəaliyyətimizin uğurlu hesab olunur. Ölkə daxilində gələcəyə doğru hesablanmış layihələr icra olunur, konseptual məsələlər öz həllini tapır və enerji səmərəliliyi üzərində işlər aparılır. Azərbaycan region ölkələri ilə bərabər Avropa İttifaqı üçün də etibarlı enerji tərəfdaşıdır.

Görülən misilsiz işlərin və əldə olunan nailiyyətlərin nəticəsidir ki, cari ilin fevral ayının 3-də Azərbaycan doqquzuncu dəfə ölkə başçımızın təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına evsahibliyi etdi. Toplantıda iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev Şuranın hər bir iclasında ənənəvi olaraq əməkdaşlıq sahələri, gələcək planlar və perspektivlər barədə müzakirələrin aparıldığını və bu istiqamətdə müəyyən nailiyyətlərin əldə olunduğunu diqqətə çatdıraraq budəfəki görüşdə də bir çox məsələlərin, görülən işlərin nəzərdən keçiriləcəyini və gələcək planların müəyyənləşdiriləcəyini bildirmişdir.  Bir il öncə eyni məkanda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dünyada çox şeyin dəyişdiyini, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin  daha da artdığını və bu vacib məsələnin həqiqətən milli təhlükəsizlik məsələsi olduğunu vurğulayan Prezident İlham Əliyev yeni marşrutların qurulmasının və yeni mənbələrin cəlb olunmasının birgə səylərimizlə edildiyini diqqətə çatdırmışdır.

Azərbaycanın hər zaman beynəlxalq bazarlarda enerji resurslarının etibarlı təchizatçısı olduğunu,  Cənub Qaz Dəhlizinin iki il bundan əvvəl açıldığını və artıq TANAP və TAP layihələrinin genişləndirilməsi istiqamətində danışıqların aparıldığını və enerji təchizatının şaxələndirilməsinin vacibliyini deyən Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizində iştirak edən tərəfdaş ölkələrin sayının artdığını, Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya ilə yanaşı, Rumıniya, Moldova və Macarıstanın da heyətə qoşulduğunu qeyd etmiş və bunu siyasi məsələlərlə paralel olaraq, həm də yüksək səviyyədə qarşılıqlı etimadın mövcudluğu ilə əlaqələndirmişdir.  Belə ki, ötən il dekabr ayının 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması müstəqil daxili və xarici siyasət yürüdən, təbii resursları hesabına iqtisadiyyatı dinamik surətdə inkişaf edən ölkəmizin yaxın gələcəkdə Avropa qitəsinin elektrik enerjisi, eyni zamanda yaşıl enerji təchizatçısına çevriləcəyinin göstəricisidir. Enerji təhlükəsizliyi sahəsində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən bu layihə ölkələr arasında təbii qaz, elektrik enerjisi sektorunda əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Xüsusi qeyd olunmalıdır ki,  iştirakçı ölkələrdən başqa bu prosesdə, həmçinin bir-biri ilə strateji əlaqələr qurmuş iki aparıcı şirkət olan SOCAR və BP-nin, eyni zamanda Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi aparıcı maliyyə qurumları da iştirak edir.  Cənub Qaz Dəhlizində iştirak edən ölkələrlə sıx siyasi münasibətlər, fəal əlaqələndirmə, Avropa Komissiyası ilə Azərbaycanın bu təşəbbüslərə səmərəli rəhbərliyi nəticəsində bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında təbii qazı, elektrik enerjisini, hidrogeni və yaşıl hidrogeni əhatə edən enerji dialoqu həyata keçirilir.

2022-ci ilin dekabr ayında enerji təhlükəsizliyi sahəsində həyata keçirilən mühüm işlərdən bəhs edən Prezident Azərbaycan və Rumıniya arasında qaz təchizatı haqqında, həmçinin Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Yaşıl Enerjinin İstehsalı və Nəqli sahəsində sazişlərin imzalandığını bildirmişdir. Bütün bu görülən işlərin enerji təhlükəsizliyi sahəsində yeni əməkdaşlıq imkanlarının yaradılmasında əhəmiyyətini vurğulayan cənab İlham Əliyev Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində ilk olaraq Yaşıl Enerji Məşvərət Şurasının keçiriləcəyini və bu heyətin tərkibində 4 ölkənin olmasına baxmayaraq, bu sayın artma potensialının çox yüksək olduğunu və yalnız hökumətlərin deyil, gələcəkdə şirkətlərin də bu mühüm təşəbbüsdə iştirak etməyə maraq göstərəcəklərinə əminliyini ifadə etmişdir. Cənub Qaz Dəhlizində səmərəli əməkdaşlığın bərpaolunan enerji sahəsində də davam etdiriləcəyinə ümid olduğunu bildirən Azərbaycan Prezidenti Yaşıl Enerji Məşvərət Şurasının ilk iclasında konseptual məsələlərin həll edilməsinin, bu aspektdə iştirakçı ölkələrin fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinin vacibliyini qeyd etmiş,  Azərbaycandakı quru və dəniz yataqlarında bərpaolunan enerjinin istehsalı, yaxud Gürcüstanla sərhədimizə qədər yeni ötürücü elektrik xəttinin çəkilməsi ilə deyil, habelə Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi ilə bağlı olduğunu da nəzərə çatdırmışdır.

Bərpaolunan enerji sahəsinə toxunan Azərbaycan Prezidenti bu istiqamətdə üç əsas enerji şirkəti arasında memorandum imzalandığını, ölkəmizdə həm quruda, həm də dənizdə 25 qiqavat bərpaolunan günəş və külək enerjisi istehsal ediləcəyini və bu həcmin 10 qiqavatının "Masdar" şirkəti, 12 qiqavatının "Fortescue" şirkəti tərəfindən istehsal olunacağını vurğulamış, "ACWA Power" şirkətinin isə hazırda icra olunan razılaşmaya əlavə olaraq 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcəyini diqqətə çatdırmışdır.

Avropa İttifaqı, Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan, Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro, Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə keçirilən uzunmüddətli dayanıqlı enerji tərəfdaşlığının əsasları qoyulmuş tədbirdə aparılan müzakirələr və müəyyən olunan  perspektivlər deməyə əsas verir ki, ölkəmizin uğurları daha böyük olacaqdır.