YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan dünyanın bir çox ölkələrinin enerji təminatında mühüm rola sahibdir

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Müsair dünyada enerji təhlükəsizliyi məsələləri hər bir ölkə üçün daha böyük əhəmiyyət  kəsb edir və enerji təhlükəsizliyi artıq milli təhlükəsizlik məsələsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji strategiyası nəticəsində Azərbaycan öz enerji təlabatını ödəməklə yanaşı dünyanın bir çox ölkələrinin enerji təminatında mühüm rola sahibdir.

Fevral 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında Prezident İlham Əliyev bildirdi ki, enerji təchizatının davamlı şaxələndirilməsi və yeni marşrutların qurulması zəruri məsələdir. Azərbaycan hər zaman buna hazırdır. Bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malik olan Cənub Qaz Dəhlizi layihəsi artıq iki ildən çoxdur ki fəaliyyətdədir. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin Azərbaycan tərəfi onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idi. Hazırda isə ölkəmiz onun genişləndirilməsi haqqında işlər həyata keçirir. Belə ki, TANAP-ın 16 milyard kubmetrdən 30 milyard, TAP-ın isə 10 milyard kubmetrdən 20 milyard kubmetrə genişləndirilməsi ilə bağlı danışıqlar aparılır. Ötən il Bakıda Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Memorandum Azərbaycanla Avropa İttifaqı arasında uğurlu əməkdaşlığın zəmanətidir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın təbii qaz ixracı artır. Belə ki, ixrac 2021-ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Cari ildə isə həcmin 24,5 milyard kubmetr olması planlaşdırılır. Bu isə o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur. Ölkəmiz nəinki hasilatı, o cümlədən ixracı artırır və həmçinin onun coğrafiyasını genişləndirir. Həmçinin ölkə daxilində enerji səmərəliliyi üzərində işlər aparılır. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır.

Azərbaycanın böyük həcmdə bərpaolunan enerji potensialına malik olması enerji təchizatının davamlı şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Xəzər dənizində külək enerjisi potensialı 157 qiqavat, quruda 27 qiqavat, işğaldan azad edilmiş ərazilərdə  isə10 qiqavatdan çoxdur. Hazırda ölkəmiz 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar aparır. Yaşıl enerji mövzusunda fikir bildirərkən Prezident İlham Əliyev vurğuladı ki, layihələr gələcəyə doğru hesablanmalıdır və Azərbaycanın təbii qaz ehtiyatları ən azı 100 il üçün bəs edəcəkdir. Ölkə başçısı onu da diqqətə çatdırdı ki, konseptual məsələlər öz həllini tapmalı, hər bir iştirakçı ölkənin məsuliyyəti  və özəl şirkətlərin  cəlb olunma formaları müəyyənləşdirilməli, beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq davam etdirilməlidir. Ümumiyyətlə, Azərbaycanın yaşıl enerji istehsalı ilə bağlı həyata keçirəcəyi layihələr yüz milyonlarla kubmetr qaza ixrac məqsədləri üçün qənaət etməyə imkan yaranacaqdır. Enerji layihələrinin həyata keçirilməsində ölkəmizin, xüsusilə də ölkə başçısı Prezident İlham Əliyevin güclü siyasi iradəsi və uğurlu fəaliyyət tarixçəsi vardır. Belə ki, Azərbaycanın müxtəlif formatlarda və müxtəlif ölkələrlə birgə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri və Cənub Qaz Dəhlizi kimi layihələrin hər biri uğurlu olmuşdur.