YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar yığıncaq iştirakçılarına müraciət edib

Hörmətli yığıncaq iştirakçıları!

Sizi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 30 illiyi ilə əlaqədar səmimi-qəlbdən salamlayır və təbrik edirəm.

1993-cü ildə yaradılmış Konfederasiya öz sıralarında çox sayda həmkarlar ittifaqı təşkilatını birləşdirərək bu gün ölkəmizdə vətəndaş cəmiyyətinin mühüm institutlarından birinə çevrilmişdir. Ötən müddət ərzində qurum həmkarlar ittifaqı hərəkatının ən yaxşı ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə çalışmış, sosial tərəfdaşlığın səmərəliliyinin artırılması üçün əməli işlər görmüşdür.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sıralarında yer alan bir milyondan çox ittifaq üzvünün əmək və sosial-iqtisadi hüquqlarının, qanuni mənafelərinin müdafiəsinin təşkilində, əmək münasibətlərinin tənzimlənməsində və ictimai sabitliyin qorunmasında əhəmiyyətli rol oynayır.

Konfederasiya 44 günlük Vətən müharibəsi zamanı, habelə bütün dünyanı bürümüş COVID-19 pandemiyası dövründə də dövlətimizin yanında olaraq ümumi işə dəstək vermişdir.

Müasir inkişafın reallıqları və bu günün çağırışları Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyətində əsaslı dəyişikliklərin aparılmasını, dünya təcrübəsindən faydalanaraq işlərinin yenidən qurulmasını labüd edir. Bu mərhələdə həmkarlar ittifaqlarının hüquqlarının ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilməsi və məhdudlaşdırılmaması ən vacib məsələlərdən biridir.

Eyni zamanda, ölkə iqtisadiyyatının sürətli inkişafı Azərbaycanın həmkarlar ittifaqlarından yeni yaradılmış iş yerlərində işçilərin əmək hüquqlarının qorunmasında və sosial problemlərinin həllində əzmkarlıq və qətiyyətli addımlar atmasını tələb edir. Dövlət orqanları və işəgötürənlər birlikləri bu sahədə Konfederasiya ilə sosial tərəfdaşlığı gücləndirməli və onunla imzalanmış Baş Kollektiv Sazişin yerinə yetirilməsini təmin etməlidirlər.

Hörmətli yığıncaq iştirakçıları!

İnanıram ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dövlət orqanları və işəgötürən birlikləri ilə birgə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və cəmiyyətin ahəngdar inkişafı istiqamətində bundan sonra da səylər göstərəcəklər.

Sizi bir daha ürəkdən təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər arzulayıram.

İlham Əliyev

Azərbaycan Respublikası Prezidentinin

Bakı şəhəri, 7 fevral 2023-cü il

DİGƏR Xəbərlər Arxiv