YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Avropanın yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Fevralın 2-də ölkəmizə rəsmi səfər edən Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatında “Biz Rumıniya olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirməyə və mühüm strateji əhəmiyyətə malik regional layihələrin icrasına hazırıq. Biz enerji, ticarət, sərmayə qoyuluşu, rəqəmsallaşma və kənd təsərrüfatı sahələrində əməkdaşlığa hazırıq” fikirləri ilə Azərbaycanla əməkdaşlığa verdiyi önəmi xüsusi qeyd etdi. Bu reallıq da diqqətə çatdırıldı ki, Azərbaycan kimi etibarlı tərəfdaşlara doğru götürülmüş bu strateji kurs uzun müddət Rumıniya tərəfindən təşviq edilib. 2009-cu ildən etibarən Rumıniya və Azərbaycan arasında strateji tərəfdaşlığın faydasını bir yerdə gördük. Avropanın enerji suallarına cavablar həmrəyliyi, regional əməkdaşlığı, mənbələrin və nəql yollarının şaxələndirilməsini nəzərdə tutur. Çünki Cənub Qaz Dəhlizi kimi layihələri əhatə edən prinsiplər məhz bunlardan ibarətdir.

Artıq doqquzuncu dəfə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilməsi, eyni zamanda, Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının və yaşıl enerjinin ötürülməsinə dair dördtərəfli Sazişin icrası üzrə Rəhbər Komitənin ilk iclasının baş tutması Azərbaycanın Avropanın enerji təminatında rolunu bir daha nümayiş etdirdi. Azərbaycanın hər bir layihəni uğurlu sonluqla başa vurmaq üçün səylər göstərməsi təqdir edilir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, bu layihələr dövlətləri, xalqları daha da yaxınlaşdırır, dövlətlərarası münasibətlərdə etimad mühitinin əhəmiyyətli faktor olduğunu açıqlayır. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsində bu amilin rolu yüksək dəyərləndirildi.

Reallıq budur ki, Azərbaycan hər zaman əməkdaşlıq, səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması çağırışlarını edir və bunu atdığı addımları ilə təsdiqləyir. Xatırlasaq, 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmadan öncə ümummilli lider Heydər Əliyev dünya təcrübəsinə istinadən bu çağırışı etdi ki, heç bir ölkə təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. “Əsrin müqaviləsi”nin imzalanmasından ötən bu müddət ərzində birgə səylərin nəticəsində reallığa çevrilən layihələrə diqqət yetirmək kifayətdir.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında “Dekabrda enerji təhlükəsizliyi baxımından iki mühüm hadisə oldu. Azərbaycan və Rumıniya qaz təchizatı haqqında saziş imzaladı. Qaz təchizatı bu yaxınlarda başlayacaq. Beləliklə, Rumıniya Cənub Qaz Dəhlizi ölkələri qrupuna qoşulur” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, ötən ilin dekabrında, həmçinin Buxarestdə “Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalandı: “Bu, bizim səylərimizin ümumu sinergiyasıdır. Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq. Bunlar mühüm hadisələr idi. Yanvar ayında isə biz Macarıstanla qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzaladıq. Beləliklə, biz komandamızın üzvlərinin sayını artırırıq.”

Göründüyü kimi, siyasəti əməkdaşlığa əsaslanan Azərbaycan hər zaman bu coğrafiyanı genişləndirməyə səy göstərir. Hazırda dövlət başçısı İlham Əliyevin  yeni enerji siyasətinin mühüm tərkib hissəsinə uyğun olaraq Avropaya növbəti  enerji körpüsü salınır. Azərbaycan Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın nəhəng bərpaolunan enerji potensialı ölkəmizin bu sahədə də həlledici rol oynamasına imkan verir. Quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur. Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir.

Azərbaycanın müasirliyə, inkişafa, enerji təhlükəsizliyinə doğru atdığı addımlar liderliyini qoruyur, dünya birliyinin fəal üzvü kimi mövqeyini möhkəmləndirir, yeni layihələrin gündəmə gətirilməsinə çağırışlar edir. Hər bir layihənin uğurla başa çatması yeni tərəfdaşlar arasında əlaqələrin möhkəmlənməsi və onların coğrafiyasının genişlənməsinə yönələn yeni layihənin gündəmə gətirilməsi üçün stimuldur. Bu baxımdan beynəlxalq səviyyədə belə bir əminlik ifadə olunur ki, Azərbaycan gələcəkdə Cənub Qaz Dəhlizi kimi layihələrin yenə də təşəbbüsçüsü olacaq.