YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığın yeni perspektivləri

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

30 ildən artıq müddətdə Azərbaycan Rumıniya əlaqələri qarşılıqlı maraqlar əsasında qurulub və yüksələn xəttlə davam etdirilir. Ölkələrimiz arasında çox fəal yüksək səviyyəli siyasi dialoq mövcuddur və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir. Zəngin tarixə malik olan Rumıniya Avropanın tarixində, eləcə də dünya siyasətində də özünəməxsus rol oynayır. Bir sıra qlobal iqtisadi layihələrin iştirakçısı olan bu ölkə eyni zamanda Şərq-Qərb əlaqələrinin daha da inkişaf etdirilməsində söz sahibidir. Geosiyasi cəhətdən əlverişli mövqedə yerləşməsi Rumıniyanı bu gün həm regionun, həm də Avrasiyanın strateji əhəmiyyətli bir dövlətinə çevrilmişdir. Təsadüfi deyil ki, Rumıniya hazırda bir sıra regional və beynəlxalq qurumların fəal iştirakçısıdır. Bunu rəsmi Buxarestin Avropa İttifaqı və NATO kimi təşkilatlarda özünəməxsus fəaliyyətində də görmək mümkündür. Rumıniya və Azərbaycan arasındakı əlaqələr strateji tərəfdaşlıq əsasında inkişaf edir. Son dövrlərdə strateji tərəfdaşlığa dair imzalanmış sənədlər dediyimizə sübutdur. Ölkələr arasında baş tutan qarşılıqlı səfərlər siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından xəbər verir. Fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verilən bəyanat fikrimizin bariz nümunəsidir. Bu səfər göstərdi ki, ölkələr arasında ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atılacaqdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana səfəri zamanı verdiyi bəyanatda demişdir: “Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir”. Əslində müstəqillik əldə edəndə bəri Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Enerji sahəsində davam edən əməkdaşlığın geniş perspektivləri olduğu hər iki tərəfə məlumdur. Dünyada Azərbaycan brendi kimi tanınmış SOCAR 2011-ci ildə ROMTRANSPETROL strukturu əsasında Botosani şəhərində təsis olunan şirkət vasitəsi ilə Rumıniya bazarında neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir. Hazırda Avropanın aparıcı ölkələrindən olan Rumıniyada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var. Azərbaycan Prezidenti birgə bəyanatda xüsusi olaraq diqqətə çatdırdı ki, təbii qazın Rumıniyaya çatdırılmasına dair imzalanmış saziş əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. “Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir”. Son illər iqtisadi potensialını getdikcə artıran Rumıniyanın əsas ixracat malları sırasına avtomobil (ehtiyat hissələri), maşın və komponentlər (elektrotexnika məhsulları daxil olmaqla), kimyəvi məhsullar, metal məmulatları, toxuculuq və dəri məmulatları, kənd təsərrüfatı və mineral məhsullar daxildir. Rumıniya idxalına əsasən elektrik avadanlığı, maşınlar, gübrələr və tibbi məhsullar daxildir. Rumıniya gələcəkdə bir sıra infrastruktur sahələrin (şose və dəmir yolu, gəmiçilik), enerji və enerji avadanlıqları (külək enerjisi, biodizel və günəş enerjisi kimi bərpa-olunan enerji mənbələri də daxil olmaqla) kimi sahələrin inkişafı üçün mühüm imkanlara malikdir. Həmçinin hazırda kənd təsərrüfatının, avtomobil, aerokosmik, bio-sənaye və yaradıcılıq (biliyə əsaslanan) sənayesinin, reklam, memarlıq, incəsənət və sənətkarlıq, dizayn, moda, kino, musiqi, incəsənət, nəşriyyat və elmi-tədqiqat işlərinin, proqram və video oyunlarının inkişaf etdirilməsi sahəsində mühüm imkanlara və potensiala malikdir. Rumıniyanın bütün bu imkanlarından işğaldan azad edilmiş torpaqlarımızın bərpasında səmərəli istifadə edə bilərik. Bunun üçün iki dövlət arasında olan əlaqələr geniş imkanlar yaradır.