YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan - Macarıstan əlaqələri yüksək səviyyədədir

Anar Məmmədov

Milli Məclisin deputatı

Bu günlərdə Prezident İlham Əliyevin Macarıstan Respublikasına rəsmi səfəri oldu. Səfər çərçivəsində rəsmi şəxslərlə birgə keçirilən görüşlər, aparılan danışıqlıqlar hər iki ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etməsini göstərdi.

Azərbaycan bütün dünya ölkələri ilə tərəfdaşlıq, əməkdaşlıq etmək əzmindədir. Macarıstanla münasibətlərimiz də digər ölkələrlə olduğu kimi, səmimi və mehriban bir şəraitdə təməli qoyulub və davam etdirilir. Hər iki ölkə bu münasibətlərin daha da inkişaf etdirilməsi və daha geniş sahələri əhatə etməsi üçün birlikdə səylərini göstərirlər. Bu gün bizim dünya dövlətləri ilə iqtisadi əlaqələrimiz genişlənir. Azərbaycan dünyada etibarlı tərəfdaşdır. Azərbaycanın Macarıstan ilə diplomatik və iqtisadi münasibətləri də çox yüksək səviyyədədir.

Cənab İlham Əliyevin Macarıstan səfərində bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi üçün bu və ya digər sahələrdə mövcud imkanlar bir daha vurğulandı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında bildirdi ki, bu gün macar şirkətlərinin azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Yaxın gələcəkdə, bəlkə də bir həftə bundan sonra biz konkret layihələrin müzakirəsinə başlayacağıq. Eyni zamanda nəzərə almaq lazımdır ki, işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində iştiraka Macarıstan şirkətləri böyük maraq göstərib və bununla bağlı müvafiq layihələr təqdim ediblər. Macarıstan işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə könüllü töhfə olaraq 25.000 avro da ianə edib.

Səfər çərçivəsində mühüm məqamlardan biri də “Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması oldu. Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. “Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə”nin ikinci dəfə imzalanması iki ölkə arasında münasibətlərin təqdimatında mühüm rol oynayır. Həmçinin iqtisadi və digər sahələrin inkişafına yönələn Anlaşma Memorandumları da imzalandı ki, bu mühüm addımlar hər iki tərəfin münasibətlərin daha da möhkəmlənməsində maraqlı olduğunu nümayiş etdirir.

Məlum olduğu kimi Macarıstan Azərbaycan ilə enerji sahəsində əməkdaşlığa böyük əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı mühüm rolu daim təqdir edir. Bu gün artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, sonra Rumıniyaya, daha sonra isə Macarıstana və digər Avropa ölkələrinə çatdırılacaq. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək. Bununla yanaşı, Azərbaycan Avrasiyanın önəmli nəqliyyat-logistika mərkəzlərinin biri kimi Macarıstanla inkişaf edən əlaqələri bu sahədə də böyük üstünlüklər vəd edir.

Yuxarıda qeyd edilənlərin nəticəsidir ki, hazırda Azərbaycanın mühüm tərəfdaşı olan Macarıstan ilə əlaqələri yüksək səviyyədədir, siyasi, iqtisadi, humanitar və s. sahələrdə əməkdaşlığı yeni inkişaf mərhələsindədir. Qarşılıqlı siyasi, sosial-iqtisadi münasibətlər iki ölkənin birgə səyi ilə mühüm tədbirlərin, önəmli layihələrin uğurla reallaşdırılmasına əlverişli imkan yaradır və yüksək göstəricilər əldə edilir.