YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pirallahı rayonunda “Azərbaycan Gəncləri Günü” qeyd olunub

Yeni Azərbaycan Partiya (YAP) Pirallahı rayon təşkilatının və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatları Rauf Əliyev, Jalə Əhmədova, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev, RİH başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər və Vətən müharibəsi iştirakçıları iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Azərbaycan Gəncləri Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri giriş nitqi ilə açan Milli Məclisin deputatı Jalə Əhmədova ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinin inkişafı naminə misilsiz fəaliyyətindən geniş söhbət açıb. Bildirib ki, müasir Azərbaycanın regionun güc mərkəzinə çevrilməsində aparılan məqsədyönlü siyasət gənclər sahəsində də yeni-yeni uğurlara gətirib çıxarıb.

Pirallahı RİH başçısı Vasif İmanov gəncləri təbrik edərək bildirib ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki hər bir ölkədə dövlətçiliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. “Bu baxımdan, ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar”, - deyə RİH başçısı bildirib. Gənclər və İdman Nazirliyinin “Sağlam Həyat” layihəsi barədə məlumat verən Vasif İmanov qeyd edib ki, bu layihə əhalinin müxtəlif yaş qruplarını əhatə edir və insanların fiziki tərbiyə sisteminin normativ əsasını təşkil edir. Layihə könüllülük, hər kəsə uyğunluq, sağlam həyat tərzinin aşılanması, tibbi nəzarət prinsiplərinə əsaslanır.

Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir.

Daha sonra çıxış edən “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev qeyd edib ki, hər il fevral ayının 2-də qeyd olunan bu xüsusi günün təsis olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır: “Dahi rəhbər hər zaman gənclərə güvənib, onlara cəmiyyətin bütün sahələrində qol-qanad verib. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissəsinə çevrilməsi də onlara olan etimaddan irəli gəlir. Qürur hissi ilə qeyd etməliyik ki, gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar. Gənclər Azərbaycanın gələcəyi kimi dəyərləndirilir. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin ictimai-siyasi, iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensiallarının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir”.

Vətən müharibəsi iştirakçısı Ceyhun Cahangirov bildirib ki, bu gün ölkəsini sevən, Vətəninə sonsuz sevgi ilə bağlı olan hər bir Azərbaycan gənci ümummilli lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində rəhbər tutmağa, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqilliyinin əbədi yaşaması uğrunda mübarizə aparmağa hər an hazırdır.

N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə Quliyeva, 168 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi, Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin könüllüsü Fidan Cavadova çıxışlarında vurğulayıblar ki, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərir. Dövlətin gənclər üçün yaratdığı geniş imkanlar onları nəinki cəmiyyətin avanqard qüvvəsinə çevirir, üstəlik gənc nəsil özünün intellektual potensialı ilə Azərbaycanı beynəlxalq müstəvidə daha əzmlə təmsil etmək üçün qətiyyət göstərməkdədir.

Sonda rayonun ictimai həyatında fərqlənən bir qrup gənc fəxri fərmanla təltif olunub.