YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çaloka Beyani: Azərbaycan dövləti qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində önəmli işlər görmüşdür

Mayın 22-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçisi Çaloka Beyani ilə görüşmüşdür.

İctimai Birliyin fəaliyyəti haqqında qonağa məlumat verən Bayram Səfərov qurumun 80 mindən artıq üzvünün olduğunu demişdir.

B.Səfərov qeyd etmişdir ki, bu gün Azərbaycanda məcburi köçkünlərin problemlərinin həllinə xüsusi diqqət göstərilir. Bu qəbildən olan insanların problemləri yüksək səviyyədə həll olunur. Lakin bütün məcburi köçkünlərin bir arzusu vardır - ata-baba torpaqlarına qayıtmaq.

Çaloka Beyani Azərbaycana səfərinin məqsədinin ölkədəki məcburi köçkünlərin həyat şəraitinin öyrənilməsi ilə bağlı olduğunu bildirmişdir. O demişdir ki, Azərbaycan dövləti qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görmüşdür. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır. Onlar yeni mənzillərlə təmin edilirlər. “Mən də o qəsəbələrin bəzilərinə baş çəkdim. Orada yaşayanların hamısı bu məskənlərin onlar üçün müvəqqəti olduğunu dedilər. Onlar öz torpaqlarına qayıtmaq istəyirlər. Buna görə də məcburi köçkünlərin doğma yurdlarına dinc və sabit şəkildə qayıtmaları vacibdir”.

Görüşdə çıxış edən İctimai Birliyin idarə heyətinin üzvləri, Milli Məclisin deputatları Rövşən Rzayev və Elman Məmmədov dövlətimizin məcburi köçkünlər üçün yaratdığı şəraitdən danışmışlar. Qeyd olunmuşdur ki, məcburi köçkünlərin sosial-iqtisadi problemləri mərhələli şəkildə həll edilir, amma bu insanlar öz doğma torpaqlarına qayıtmaq istəyirlər. ATƏT, BMT, Avropa İttifaqı və digər beynəlxalq qurumlar Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qətiyyətli mövqe nümayiş etdirməlidirlər. Beynəlxalq təşkilatlar münaqişə ilə bağlı mövqelərində ikili standartlara son qoymalıdırlar.