YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclər siyasəti keyfiyyətcə yeni mərhələdə

Laçınlı köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) Laçın rayon təşkilatının təsdiq edilmiş Tədbirlər planına uyğun olaraq, “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Tədbirdən əvvəl rayon rəhbərliyi, rayon təşkilatının fəalları və çoxsaylı rayon gəncləri Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü və Taxta körpü qəsəbəsində, əbədi məşəlin alovlandığı Şəhidlərin Xatirə Kompleksini ehtiramla ziyarət edib, hər iki abidə önünə tər qərənfillər düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və dövlətimizin müstəqilliyi, torpaqlarımızın müdafiəsi və azad olunması zamanı şəhid olmuş soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə bütün laçınlı gəncləri təbrik edərək, onlara uğurlar arzulayıb, gənc nəslin düzgün formalaşmasının ölkə siyasətində önəmli yer tutduğunu vurğulayıb.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi bütün sahələrdə özlərini doğruldur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğalçı erməni təxribatının qarşısının alınması zamanı 2020-ci ilin 27 sentyabrından başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan gəncliyinin göstərdiyi əfsanəvi qəhrəmanlıqlar nəticəsində Müzəffər Ordumuz düşmən üzərində şanlı Zəfərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü bərpa edib.

Prezident İlham Əliyevin gənclərə müraciətində qeyd etdiyi “Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Məndə Sizə arxalanıram” ifadəsi ölkə gəncləri ilə yanaşı laçınlı gənclər tərəfindən də dərin razılıq və sevinclə qarşılanır. Hər zaman olduğu kimi bu gün də Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunan Laçın gəncliyi dövlət başçısının iqtisadi-siyasi, mədəni arenadakı müdrik siyasi fəaliyyətini birmənalı dəstəkləyirlər.

Sonra Tədbirdə Laçın Rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Mustafayevin “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzəsi dinlənilib.

Məruzə ətrafında çıxış edən YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov ulu öndər Heydər Əliyevin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasətinin hər zaman xüsusi yer tutuduğu vurğulayıb. Qeyd edib ki, gənclərin dövlət və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi üçün gənclərlə bağlı ölkəmizdə silsilə addımlar atılır.

Tədbirdə çıxış edən gənclər onlara dövlət səviyyəsində olan inam və dəstəyə görə Prezident İlham Əliyevə minnətdar olduqlarını, daim Heydər Əliyev ideyalarına sadiq qalacaqlarını, Dövlət başçısı ətrafında sıx birləşərək üzərlərinə düşən bütün vəzifələrin layiqincə yerinə yetirəcəklərini bildiriblər.

Tədbirin sonunda bir qrup laçınlı fəal gəncə Laçın Rayon İcra Hakimiyyətinin və Laçın Rayon Gənclər və İdman İdarəsinin fəxri Fərmanı, Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.