YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Macarıstan ölkəmizlə enerji sahəsində əməkdaşlığa xüsusi önəm verir

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Azərbaycan beynəlxalq münasibətlər sistemində yeri və rolunu günbəgün möhkəmləndirir. Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində uğurla inkişaf edən Azərbaycanın etibarlı tərəfdaş kimi nüfuz qazanması böyük səylərin, qətiyyətin nəticəsidir. Hər bir uğur keçilən yolun təqdimatını bir zərurətə çevirir. Azərbaycanın ilk gündən xarici siyasətini düzgün əsaslar üzərində qurması, iqtisadi inkişaf strategiyasını dünya təcrübəsinə əsasən müəyyənləşdirməsi bugünkü uğurlarında əhəmiyyətli rol oynayır.

Azərbaycan xarici siyasətində Avropa dövlətləri ilə əməkdaşlığa xüsusi önəm verir. Cənab İlham Əlyevin Avropa dövlətlərinə, həmçinin bu ölkələrin dövlət başçılarının Azərbaycana davamlı səfərləri münaibətlərdə yeni istiqamətlərin müəyyənləşdirilməsində öz sözünü deyir. Bu baxımdan ki, dövrün aktual məsələləri ətrafında aparılan müzakirələr, imzalanan sənədlər əməkdaşlığın dərinləşməsində stimulverici amildir.

Dövlət başçısı İlham Əliyevin Macarıstana rəsmi səfəri də bu baxımdan diqqətçəkən oldu. Belə ki, Prezident İlham Əliyevin və Baş nazir Viktor Orbanın mətbuata bəyanatlarında iki ölkə arasında münasibətlərin dünəninə baxış keçirilərək qarşıdakı dövrdə əlaqələrin inkişafı istiqamətində atılacaq addımların yol xəritəsi təqdim olundu.

“Biz uzun illərdir ki, bir-birimizlə sıx təmasdayıq. Bizi dostluq əlaqələri bağlayır. Ölkələrimiz arasındakı dostluq əlaqələri həm ölkələrimiz üçün, eyni zamanda, Avrasiya qitəsi üçün də çox böyük önəm daşıyır” söyləyən dövlət başçısı İlham Əliyev qeyd etdi ki, imzalanan strateji tərəfdaşlığın dərinləşməsinə dair Birgə Bəyannamə bir daha strateji tərəfdaşlığımızı təsdiqləyir. Bu, strateji tərəfdaşlığa dair imzalanmış ikinci sənəddir və bir daha onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost və strateji tərəfdaşdırlar.

Bu mühüm məqam da xüsusi qeyd edildi ki, uzun illər ərzində aparılan uğurlu siyasət, birgə addımlar bu gün enerji sahəsində əməkdaşlıq üçün də çox güclü zəmin yaratdı. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi davamlı töhfələr Macarıstan rəsmiləri tərəfindən yüksək dəyərləndirildi.

Səfər Azərbaycan-Macarıstan strateji tərəfdaşlığının hərtərəfli və yüksələn xətlə inkişaf etməsinin əyani göstəricisidir. Səfər çərçivəsində əməkdaşlığın inkişafına geniş imkanlar yaradacaq bir neçə sənəd imzalandı. Onların arasında dövlət başçısı İlham Əliyevin  və Macarıstanın Baş naziri Viktor Orbanın  imzaladığı Azərbaycan ilə Macarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə xüsusi qeyd edilir.  Bəyannamədə tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Sənəddə, eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyi qeyd olunaraq, qurumun Macarıstandakı Nümayəndəlik Ofisinin fəaliyyəti xüsusi vurğulanır. O da məlumdur ki, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında müşahidəçi olan və təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət verən Macarıstanın Budapeşt şəhərində Türk Dövlətləri Təşkilatının Nümayəndəlik Ofisi fəaliyyət göstərir.

Göründüyü kimi, Macarıstanla dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq kontekstində inkişaf edən əlaqələrimiz siyasi və iqtisadi sahədə daha genişdir.  Macarıstan enerji sahəsində ölkəmizlə əməkdaşlığa üstünlük verir, Cənub Qaz Dəhlizinə qoşulmaq istəyini ifadə edir. Macarıstanın Baş naziri “Bu gün, əlbəttə ki, enerji və qazla zəngin olan ölkənin dostları çox olur, amma əmin etmək istərdim ki, biz Azərbaycanla bundan çox uzun müddət əvvəl dost olmuşuq və bu əməkdaşlığa görə cənab Prezidentə təşəkkür edirəm” fikirləri ilə bir daha iki ölkə arasında əlaqələrin hazırkı inkişaf səviyyəsini təqdim etdi.