YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Avropa Oyunlarına qarşı məkrli cəhdlər beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyətdir

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Nils Muzinieks, BMT-nin məruzəçisi Mişel Forstun və ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçin “openDemocracy” internet portalında iyunun 3-də yayılmış məqaləsinə münasibət bildirib.

Hikmət Hacıyev deyib ki, bu şəxslər təmsil etdikləri təşkilatların statusundan sui-istifadə edərək Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı bəzi dairələr tərəfindən sifarişli əsasda aparılan qarayaxma kampaniyasının tərkib elementi kimi fəaliyyyət göstərirlər. Bu əməlləri ilə sözügedən şəxslər təmsil etdikləri təşkilatların məqsəd və məramlarına deyil, yalnız məhdud siyasi dairələrin maraqlarına xidmət etdiklərini bir daha sübut edirlər.

İdman və mahiyyət etibarilə, birinci Avropa Oyunları Avropa qitəsində bu gün aktual olan mədəniyyətlər və dinlərarası dialoqa, dostluğa, tərəfdaşlığa və sülhə xidmət edir. Bu xüsusda, BMT Baş Assambleyasının 69-cu sessiyasında 2014-cü il oktyabrın 31-də qəbul edilmiş A/RES/69/6 saylı “İdman təhsil, səhiyyə, inkişaf və sülhü təşviq edən vasitə kimi” adlı qətnamədə Avropa Oyunlarının kəsb etdiyi əhəmiyyət xüsusi olaraq vurğulandığı halda, bu şəxslərin Avropa Oyunlarına qarşı məkrli cəhdləri beynəlxalq ictimaiyyətin iradəsinə qarşı fəaliyyətdir. Təəssüflər olsun ki, insan hüquqlarının müdafiəsindən danışıldığı halda, bu şəxslər tərəfindən Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində İnsan Hüquqlarına dair Bəyannamədə öz əksini tapmış ən ümdə hüquqlarından məhrum olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları haqqında bir söz deməyə cəsarət tapılmır.