YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gənclərimiz qalib Azərbaycanın vətəndaşı olduqları üçün qürurludurlar

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

Dövlət başçısı İlham Əliyevin 2020-ci ildə Davos Dünya İqtisadi Forumu çərçivəsində "Strateji baxış: Avrasiya" mövzusunda keçirilən panel iclasında moderatorun “Azərbaycanda gənclərin sayı çoxdur və onlar küçəyə çıxsa və eşidilmələrini tələb etsə, İlham Əliyev onlara nə deyər” sualına cavabını xatırlatmaq istərdik.  Prezident İlham Əliyev bu suala cavab olaraq bildirmişdir ki,  gənclərin nə istədiklərini dinləyərdi. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdədir, gənclər startup biznesindədir, gənclər hökumət məsələlərinə fəal cəlb olunublar. Dövlət başçısı onu da əlavə etmişdir ki, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir. Azərbaycanda biz həmişə sözümüzə əməl edirik. Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.

Cənab İlham Əliyevin bu fikirləri Azərbaycan gəncinin dünəni, bu günü və gələcəyi ilə bağlı atılan addımların ümumi mənzərəsini təqdim edir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda ulu öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” Ümummilli Liderin gənclərin gələcəyi ilə bağlı atdığı addımların xronologiyasına diqət yetirmək kifayədir. Atılan addımların əsasında bu mühüm məqsəd dayanırdı ki, gənclərimiz azərbaycançılığın əsas tərkib hissəsi olan dilimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi  öyrənməli və yeni nəslə çatdırmalıdırlar. Bu işlər sistemli olaraq son 19 ildən artıq dövrdə cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Təsdiqlənən Dövlət proqramları gənclərimizin inkişafında yol xəritəsidir.  

Azərbaycan gənclərinin fərdi və peşəkar inkişafı naminə Heydər Əliyev Fondu biri-birimdən önəmli istiqamətlər üzrə fəaliyyət göstərir və minlərlə müxtəlif təyinatlı layihələri icra edir. Bu istiqamətlər sırasında elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələrin hazırlanmasını xüsusi qeyd etməliyik.  Fond gənclərin yaradıcı potensialının, bilik və bacarıqlarının aşkara çıxarılmasına, qabiliyyətlərini göstərməsinə, inkişaf etdirməsinə yardım, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət edir. Həmçinin xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək edir. Qeyd etdiyimiz kimi, iqtisadi inkişaf yolunu tutan, yeniləşən Azərbaycan cəmiyyətində bərabər təhsil imkanlarının yaradılması, gənc nəslin biliklərə yiyələnməsi, ölkəmizin dünya təhsil sisteminə inteqrasiyasına dəstək verilməsi Heydər Əliyev Fondunun fəaliyyətinin öncül sahələrindən biridir.  “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 2 mindən artıq məktəb tikilib, yaxud əsaslı təmir edilib. Fondun təşkilatçılığı ilə bu sahədə həyata keçirilən proqram və layihələr ölkəmizdə təhsilin səviyyəsini yüksəltməyə, valideyn himayəsindən məhrum olmuş uşaq və yeniyetmələrin təlim-tərbiyəsi üçün şəraiti yaxşılaşdırmağa imkan vermişdir.

Heydər Əliyev Fondunun gənclərimizin tariximizin, mədəniyətimizin, milli-mənəvi dəyərlərimizin, dilimizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması istiqamətində həyata keçirdiyi layihələri, maarifləndirici tədbirləri də təqdirəlayiqdir. Heydər Əliyev Fondunun ümdə məqsədlərindən biri Ulu Öndərimizin zəngin irsinin, dövlət,  Vətən, xalq  qarşısında misilsiz xidmətlərinin, milli dövlətçilik ideyalarının dərindən öyrənilməsi, təbliği, yeni nəsillərə çatdırılmasıdır. İndiki və gələcək nəsil Azərbaycanın bu günü üçün kimə borclu olduğumuzu bilməlidir. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanın bu günü üçün möhkəm təməl yaratdı ki, bu gün ölkəmiz həmin təməl üzərində ən möhtəşəm uğurlara imza atır. Gənclərimiz belə qüdrətli, zəngin, qalib  Azərbaycanın vətəndaşı olduqları üçün qürurludurlar.