YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda şəhid Kənan Süleymanlının əziz xatirəsi yad olunub

Nizami rayonunda Vətən müharibəsi şəhidi Kənan Sadıq oğlu Süleymanlının əziz xatirəsi yad olunub. Doğum günü ilə əlaqədar şəhidin Fəxri Xiyabanda məzarı ziyarət edilib, ruhuna dualar oxunub.

Sonra Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatında şəhidin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, şəhid Kənan Süleymanlının müəlliməsi Nazənin Abbasova, şəhid kapitan Əkbər Pənahovun anası Mayqa Alməmmədova və başqaları müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən və Azərbaycan hərbçilərinin heyrətamiz qəhrəmanlığından söhbət açıblar.

Çıxışlarda 2020-ci ilin payızında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfərinin ölkəmizin tarixinə qızıl hərflərlə əbədi həkk olunduğu vurğulanıb. Qəhrəmancasına döyüşən, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin dərin ehtiramla yad edildiyi, onların əziz xatirəsinin uca tutulduğu ifadə olunub.

Şəhid Kənan Süleymanlının ailə üzvləri adından çıxış edən anası Səadət Süleymanova, qardaşı Sənan Şirəliyev şəhidlə bağlı xatirələrini bölüşüb, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, şəhidlərin ailə üzvlərinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Çıxışlardan sonra tədbirdə şairə Nəsibə İsrafilqızı vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, bəstəkar-müğənni Ruslan Səfərli isə şəhidə həsr olunmuş mahnı ifa edib.

Xatırladaq ki, Kənan Süleymanlı Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.