YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfirliyimizə qarşı xain hücum düşünülmüş terror aktıdır

Səbinə Xasayeva

Milli Məclisin deputatı

İran İslam Respublikasının diplomatik əlaqələr haqqında Vyana Konvensiyasından irəli gələn səfirliyin mühafizəsini və onun əməkdaşlarının təhlükəsizliyini təmin etmədiyinə görə Tehrandakı səfirliyimizə  hücum edən şəxs tərəfindən mühafizə xidməti rəisinin qətlə yetirilməsi və səfirliyin iki nəfər əməkdaşının yaralanması İranda Azərbaycan dövləti əleyhinə uzun illər aparılan düşmənçilik təbliğatının nəticəsi kimi qiymətləndirilməlidir.

Bu qanlı terrorda beynəlxalq hüququn tələbləri kobud şəkildə pozulduğundan İran tərəfi daşıdığı məsuliyyətə və bu hadisəyə görə cavab verməlidir.

Səfirliyimizə qarşı həyata keçirilən bu xain hücumu dövlətimizə qarşı törədilən düşünülmüş terror aktı kimi qəbul edirik.

İran dövləti qonşuluq münasibətlərinə uyğun olmayan belə  çirkin əməllərindən əl çəkməli, Azərbaycana qarşı təhdid və təzyiqə son qoymalıdır.

İran İslam Respublikasından terror törədilməsi səbəblərinin obyektiv və qərəzsiz aydınlaşdırılmasını, təşkilatçıların və iştirakçıların qanun qarşısında  cavab verməsini, günahkarların ciddi cəzalandırılmasını və hadisəni törədənlərin məsuliiyyətə cəlb olunmasını tələb edirik.

Azərbaycanın yeritdiyi müstəqil siyasətini, günbəgün artan nüfuzunu  və xalqımızın tarixi qələbəsini həzm edə bilməyənlər, ona xələl gətirmək istəyənlər bilməlidirlər ki, onların heç bir xain əməli Azərbaycan dövlətinin haqq işinə mane olmağa qadir deyil, onu  yolundan döndərə bilməz.

Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə qarşı edilən qanlı terror hücumunda həlak olan səfirlik əməkdaşına Allahdan rəhmət diləyir, ailəsinə başsağlığı veirir, yaralılara  tezliklə şəfa tapmağı arzulayıram.