Xəbərlər
Azərbaycan nəqliyyat dəhlizinin mərkəzinə çevrilib

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri
Yanvarın 17 - də Prezident İlham Əliyev Dünya İqtisadi Formunun illik toplantısında iştirakı zamanı Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə vermişdir. Çinin Avrasiya məkanında əməkdaşlıq üzrə Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu vurğulayan cənab İlham Əliyev əlavə etmişdir ki, Dünyanın sürətlə böyüyən ölkəsi ilə münasibətlərin inkişaf etdirilməsi, bundan başqa, beynəlxalq təşkilatlarda nüfuzu getdikcə artan Çinlə əlaqələrin gücləndirilməsi rəsmi Bakının da xüsusi əhəmiyyət verdiyi məsələlərdən biridir.
Ötən 31 il ərzində Çin-Azərbaycan münasibətləri siyasi, iqtisadi və humanitar sahələrdə böyük uğurlar qazanmışdır. Çin Qarabağ münaqişəsinin Azərbaycanın sərhəd toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. İki ölkə arasında heç bir həll olunmamış məsələ yoxdur, hər iki ölkə dövlət suverenliyi, müstəqillik və ərazi bütövlüyü kimi məsələlərdə bir-birini yaxşı başa düşür və dəstəkləyir. Bir çox mühüm beynəlxalq və regional məsələlərdə ölkələrimiz eyni və ya oxşar mövqedən çıxış edirlər. Hər il iki ölkə arasında ticarət, mədəniyyət, təhsil və digər sahələrdə də əməkdaşlıq əlaqələri genişlənməkdədir.
Bu gün Çin Xalq Respublikası “Bir kəmər, bir yol” və “Orta Dəhliz” layihələrini birlikdə və yüksək keyfiyyətli təməl üzərində inkişaf etdirmək üçün “Orta Dəhliz” boyunca yerləşən ölkələrlə, o cümlədən Azərbaycanla mübadilə və əməkdaşlığı gücləndirməyə, nəqliyyat sahəsinin inkişaf etdirilməsinə mühüm əhəmiyyət verir.
Cənab Prezidentin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan Şərqlə Qərb, Şimalla Cənub nəqliyyat dəhlizinin mərkəzinə çevrilib. Azərbaycanın geosiyasi məkanda artan rolu, əlbəttə, iqtisadi sahədə də, sərmayə qoyuluşu sahəsində də özünü göstərir. İndiyə qədər dövlətimiz tərəfindən həyata keçirilən mühüm infrastruktur layihələrinin qarşılığını görməyə başlamışıq. Bu isə öz növbəsində yaxın gələcəkdə Azərbaycana böyük investisiyaların və maliyyənin daxil olmasına yeni imkanlar yaradacaq.