YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xilaskarlıq missiyası: sabitlikdən inkişafa

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatı “Ü.Hacıbəyov” ərazi partiya təşkilatında “Heydər Əliyev İli”nə həsr olunan “Heydər Əliyev - zülmətdən aydınlığa” adlı tədbir keçirib.

Tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və təşkilat əməkdaşları, “Ü.Hacıbəyov” ərazi partiya təşkilatının üzvləri iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev bildirib ki, dünya siyasi arenasında unudulmaz şəxsiyyətlərdən olan Heydər Əliyevin rəhbərliyi altında müstəqil Azərbaycan zamanın çətin sınaqlarından şərəflə keçib. Ulu Öndər insanların həyat yoluna işıq saçan təfəkkür və mənəviyyat sahibi idi. Hərəkətləri sadə olsa da, bunun arxasında həmişə böyük məna durardı. Xalqımız tərəfindən Ulu Öndər dahi şəxsiyyət və müdrik dövlət başçısı kimi, həm də xalqını, onun tarix və ədəbiyyatını içdən sevən vətənpərvər siyasətçi kimi hüsn-rəğbətlə dəyərləndirilir. Qeyd olunub ki, Heydər Əliyev Azərbaycan xalqının böyük dövlətçilik istedadına və zəngin təcrübəyə malik olan böyük xilaskarlıq, sabitlik və inkişaf missiyasını həyata keçirmiş qüdrətli şəxsiyyət, Azərbaycanda dövlət müstəqilliyinin banisidir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu və strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Qafqazda lider ölkə olaraq qalır.

“Ü.Hacıbəyov” ərazi partiya təşkilatının sədri Nazim Əzimov çıxışında qeyd edib ki, Azərbaycan öz nicatını görkəmli siyasətçi, ümummilli lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışında tapdı. Xalqın taleyüklü məsələlərinin uğurlu həlli, ölkədə milli həmrəliyin, sülh və demokratiyanın bərqərar olması, xarici siyasət istiqamətindəki qətiyyətli addımlar, gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi ulu öndər Heydər Əliyevin adıyla bağlıdır.

Digər çıxış edənlər türk dünyasının böyük oğlu Heydər Əliyevin Azərbaycanda milli dövlətçilik ənənələrinin bərpasında, möhkəmləndirilməsində və qorunmasında göstəridiyi böyük xidmətlərdən geniş söhbət açıblar.