YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əməkdaşlığa və həmrəyliyə çağırış

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri     

Hər bir inkişafın əsasında sabitlik dayanır. Azərbaycanın bu gününü müstəqilliyinin bərpasının ilk illəri ilə müqayisə etdikdə sabitlik amilinin önəmini daha aydın şəkildə görə bilərik.  Bu fakt inkaredilməzdir ki, hər bir dövlət, şirkət bu və ya digər ölkənin iqtisadiyyatına investisiya yatırarkən ilk növbədə sabitliyə, yatıracağı vəsaitin təhlükəsizliyinə xüsusi diqqət göstərir. Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqətində olub. Lakin müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycan iqtisadiyyatına sərmayə yatırmaqda maraqlı olan dövlətlərin tərəddüdlərinə səbəb olmuşdu. İnvestorlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər.   1993-cü ildən, yəni ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin, normal biznes mühitinin yaradılmasından sonra Azərbaycana diqqət və maraq daha da artdı. Ölkəmizin qapıları bura xoş niyyətlə ayaq basan hər bir investora açıq oldu. İş adamlarına bu çağırış edildi ki,  yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin ola bilərlər. Hazırda ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollara yaxındır. Bu rəqəm Azərbaycanın bu gününə və gələcəyinə inamın göstəricisi olmaqla yanaşı, yaradılan möhkəm bazanın nümayişidir. Ölkə Prezidenti daim çıxışlarında bu fikri də böyük əminliklə qeyd edir ki, xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir. Ölkəmizdə mövcud olan sərmayə iqlimi xarici investorları həvəsləndirir.

Cənab İlham Əliyev yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində ölkəmizin enerji sektorunda qazandığı uğurlardan geniş bəhs edərkən bu reallığı bir daha diqqətə çatdırdı ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Neft və qaz sektoruna böyük sərmayələr cəlb edilib: “İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik.”

Yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində isə “Ümumiyyətlə, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Xarici və yerli investisiyalar lazımınca qorunur. Ümid edirik ki, qeyri-enerji sektoruna daha çox investisiyalar olacaq, çünki ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu da təbiidir və biz bunu anlayırıq. Lakin indi bizim şaxələnmə barədə düşünmək, düşünmək yox, hərəkət etmək vaxtıdır” bildirən cənab İlham Əliyev onu da vurğuladı ki, buna görə də qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar ölkəmiz üçün prioritetlərdən biridir. Hazırda Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsidir. Azərbaycan Çin şirkətlərinin bu fürsətlərə diqqət yetirəcəyinə düşünür. Bu faktı da qeyd etməliyik ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz ölkəmiz üçün çoxlu imkanlar yaradır: “Biz, sadəcə, müvafiq şəkildə siyasətimizi planlaşdıraraq strukturlaşdırmalıyıq və xarici investorlar üçün hətta bundan da yaxşı şərait yaratmalıyıq. Lakin biz investorları gəlməyə məcbur edə bilmərik. Biz yalnız dəvət edə bilərik.”

Dövlət başçısı ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhfələr fonunda bu məqama da xüsusi diqqət yönlətdi ki, enerji təhlükəsizliyinə gedən yolun başlanğıcında yaxşı sərmayə mühiti yaratmışıq və hətta ixrac marşrutlarına malik olmadan neft-qaz sahəsinə çoxmilyardlı investisiyalar cəlb etməyə nail olmuşuq.

Azərbaycan ilkin sərmayələri cəlb edərkən kəmərlər yox idi. Bu kəmərləri inşa etmək üçün əməkdaşlığa və dəstəyə hazır olmalı idik. Azərbaycan istehsalçı olaraq tranzit dövlətlər və istehlakçılar arasında balansı qoruyur. Bu çağırış səslənir ki, balans olmasa, iş uğursuz olacaq. Enerji prosesinin hər bir hissəsinin töhfədən asılı olaraq öz mənfəət payı olmalıdır.  “Biz hər zaman ədalətli olmuşuq” söyləyən cənab İlham Əliyev qeyd etdi ki, 2 il bundan əvvəl Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisini tamamladıq: “Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir, bu, 7 ölkəni, 10-dan çox şirkəti, aparıcı maliyyə institutlarını – Dünya Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Asiya İnfrastruktur və İnvestisiya Bankını, Avropa İnvestisiya Bankını və Asiya İnkişaf Bankını əhatə edən texniki cəhətdən çox mürəkkəb və çox bahalı layihədir. Beş aparıcı maliyyə institutunun hamısı buna öz töhfəsini verib.”

Görülən işlərin təhlili əsasında bu məqamı da xüsusi qeyd edə bilərik ki, Azərbaycan komanda işini qurmağa nail oldu. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə keçməsi ölkəmizin etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin təqdimatıdır. Birgə səylər hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olmağa əsas verir. Azərbaycan daim əməkdaşlığa, birliyə, həmrəyliyə çağırışlar edir.