YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa parlamentariləri siyasi maraqlarını güdərək beynəlxalq hüququ pozurlar

Avropa Parlamentinin qəbul etdiyi son qətnamə təşkilatın ikili standartlardan çıxış etdiyini bir daha təsdiqləyir. Bu təşkilatın Azərbaycana qarşı qərəzli sənəd qəbul etməsi ilk dəfə deyil. Erməni lobbisinin təsiri ilə qəbul olunmuş son qətnamədə də Laçın-Xankəndi yolu ətrafında baş verən hadisələr təhrif olunur.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O, əslində həmin sənədin qəbul edilməsinin Avropa Parlamentinin prinsiplərinə zidd olduğunu bildirib: “Çünki təşkilatın özünün qəbul etdiyi bir çox sənədlərdə, eləcə də fəaliyyət prinsiplərində beynəlxalq hüququn normaları əsas götürülür. Lakin bu günlərdə Laçın yolu ilə bağlı qəbul edilmiş qətnamədə isə beynəlxalq hüquq normaları ayaq altına atılır. Nəzərə almaq lazımdır ki, aksiyanın keçirildiyi yer Azərbaycanın suveren ərazisidir və dinc xarakter daşıyır. Sərbəst toplaşmaq azadlığı fundamental insan hüquqlarından biridir və bu, Avropa institutlarının təşviq etdiyi əsas məsələlərdəndir. Laçın yolunda da ekoloqlarımız, ictimai fəallarımız dinc etiraz aksiyası keçirirlər. Amma nədənsə Avropa parlamentariləri onların bu hüquqlarını görməzdən gəlirlər. Bu, o deməkdir ki, həmin təşkilat üçün artıq heç bir dəyər yoxdur. Yalnız, öz siyasi maraqlarını güdərək beynəlxalq hüququ pozurlar”.

Avropa Parlamentinin bir çox üzvlərinin siyasi korrupsiyaya qurşandığını vurğulayan deputat bildirib ki, bir müddət əvvəl həmin təşkilatın vitse-prezidentinin korrupsiya ittihamı ilə həbs olunması da bunu sübut edir. Həmin şəxs ermənipərəst mövqeyi ilə tanınırdı.

“Ermənistanın və Qarabağ separatçılarının humanitar böhran və blokada iddiası tamamilə yalandır. Bunu təsdiq edən kifayət qədər videofaktlar var. Amma görünən odur ki, ermənipərəst dairələr hər vəchlə beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Avropa Parlamentinin sənədi də bu yanlış məqsədə xidmət edir. Beynəlxalq hüquqa zidd olan bu qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və kağız parçasından başqa bir şey deyil. Azərbaycanın mövqeyi doğrudur və beynəlxalq hüquqa əsaslanır. Eləcə də, Azərbaycan güclü dövlətdir və heç kim onunla diktə dilində danışa bilməz”, - deyən Sevinc Fətəliyeva fikirlərini yekunlaşdırıb.

DİGƏR Xəbərlər Arxiv