YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərpaolunan enerji ilə bağlı proqram tamamilə fərqli gündəliyə malikdir

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

Azərbaycan daim iqtisadi uğurları ilə dünyanın diqqətindədir. Ölkəmizin dünya təcrübəsinə əsasən müəyyənləşdirilən iqtisadi strategiyası davamlı uğurlara geniş yol açır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları göz qabağındadır. Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs edən dövlət başçısı İlham Əliyev daim bildirir ki, bu layihələrin həyata keçirilməsi beynəlxalq əməkdaşlıq olmadan mümkün olmazdı. Bu fikirlər ulu öndər Heydər Əliyevin tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından əvvəl söylədiyi “Dünya təcrübəsi göstərir ki, heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz” tezisinin davamı kimi dəyərləndirilir.

Bu günlərdə dövlət başçısı İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri zamanı Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışında, həmçinin Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində də Azərbaycanın enerji sektorunda qazandığı uğurları əsaslı çəkildə iqtisadi tərəfdaşlarımızın diqqətinə çatdırdı. Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində Azərbaycanın bərpaolunan enerji potensialına diqqəti yönəldən cənab İlham Əliyev bildirdi ki, biz ölkəmizdə bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir: “Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.”

Onu da qeyd edək ki, dövlət başçısı Qarabağı və Şərqi Zəngəzuru “Yaşıl enerji” zonası elan edib. Cənab İlham Əliyev sözügedən açılış mərasimində bu statistikanı diqqətə çatdırdı ki, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi potensialı mövcuddur.

Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində Azərbaycanın açıq dənizə çıxışı olmayan bir ölkə olaraq beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilməsini əsaslı şəkildə diqqətə çatdırdı. Avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir. Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir. Marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər. Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Dövlət başçısının qeyd etdiyi kimi, ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər ölkəmizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. 

Azərbaycan-Çin münasibətlərinin hazırkı inkişaf səviyyəsinə işıq salan həmin müsahibədə bu məqam xüsusi qeyd edildi ki, ölkəmiz Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur. Bu səylər birləşməlidir.

Göründüyü kimi, bərpaolunan enerji mənbələri Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalanıb. Bu layihələr regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Azərbaycan yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırır.