YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar qəhrəmanlıq salnaməsinin yazıldığı gündür

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

20 Yanvar müstəqillik və istiqlal uğrunda milli azadlıq hərəkatının zirvəsidir, qəhrəmanlıq salnaməsinin yazıldığı gündür. Qanlı Yanvar Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi.

Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Əslində ö dövrdə Qarabağda olan tarixi torpaqlarımızın ( o dövrdə Dağlıq Qarabağın) Ermənistana birləşdirilməsi cəhdlərinə Azərbaycan xalqının etirazı ona qarşı 1990-cı ilin yanvarında Sovet qoşunlarının yeridilməsinə, Bakıda və Azərbaycanın digər şəhər və rayonlarında kütləvi qırğınlarla səbəb olub. 19 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Bakıda fövqəladə vəziyyət elan edilməsi ilə bağlı qərar qəbul etdi. Qərar 20 yanvar 00:00-dan etibarən qüvvədə olacaqdı. Lakin yanvarın 19-u saat 19:27-də Azərbaycan televiziyasının enerji təminatçısının Sovet kəşfiyyatı tərəfindən partladılması səbəbiylə xalq fövqəladə vəziyyətdən xəbərdar ola bilmədi. Halbuki, “Mülki və siyasi hüquqlar haqqında” 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə əhaliyə rəsmi xəbərdarlıq edilməlidir. Kütləvi insan qırğını törədildikdən sonra – yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Qanlı Yanvar günündən sonra fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də Neftçala, yanvarın 26-da Lənkəranda 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Qeyd etmək lazımdır ki, SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı silahlı hücumu, dinc əhalinin kütləvi surətdə gülləbaran edilməsinin əsas məqsədi - xalqın iradəsini qırmaq, ona əzəli torpaqları olan Qərbi Azərbaycandan zorakılıqla qovulmasını və  Qarabağın Ermənistana birləşdirilməsini qəbul etdirmək idi. Bəlli olduğu kimi, 1988-1989-cu illərdə təqribən 250 min azərbaycanlı əhali kütləvi zorakılıqlarla öz tarixi-etnik torpaqlarından – Qərbi Azərbaycandan deportasiya olunmuşlar. Ermənilərin azərbaycanlı yaşayış məntəqələrinə basqınları nəticəsində 1988-ci il yanvarın 25-də Ermənistan SSR-in Qafan və Meğri rayonlarından ilk azərbaycanlı qaçqınlar qatarla Azərbaycana gəlmiş, onlar Abşeron rayonunda yerləşdirilmişdilər. Lakin bu, ictimaiyyətdən gizli saxlanılmışdı.

Fevralın 13-də Qarabağda( o vaxtkı DQMV-də) gizli fəaliyyət göstərən separatçı "Krunk"un ("Komitet Revolöüionnoqo Upravleniə Naqornoqo Karabaxa") təşkilatçılığı ilə Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə Xankəndidə ilk mitinq keçirilmişdi. Fevralın 18-də Kremldəki erməni lobbisinin "kuratoru" Georgi Şahnazarovun M.Qorbaçovun köməkçisi təyin edilməsindən sonra erməni separatçıları daha da fəallaşmışdılar. Həmin günlərdə İrəvanda keçirilən mitinqlərdə "Ermənistanı türklərdən təmizləməli!", "Ermənistanda ancaq ermənilər yaşamalıdır!" kimi millətçi şüarlar irəli sürülmüşdü

1988-1989-cu illərdə indiki Ermənistan ərazisində azərbaycanlıların yaşadıqları 170 təmiz və 94 qarışıq yaşayış məskənləri boşaldıldı. Ermənistanın Meğri rayonunun Zəngilan rayonu ilə həmsərhəd bölgəsində qalmış axırıncı azərbaycanlı kəndi - Nüvədi də 1991-ci il avqustun 8-də boşaldıldı.

Ümumiyyətlə, həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində Ermənistanın 22 kənd, rayonundan və 6 şəhərindən təqribən 250 min azərbaycanlı tarixi-etnik torpaqlarından vəhşicəsinə qovuldular.

1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına, təzyiq və təqiblərə rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyətinin gözü qarşısında ittiham etdi, sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi. Zəngin dövləti idarəetmə təcrübəsinə malik olan xalqımızın vətənpərvər oğlu bununla da Azərbaycan xalqına qarşı törədilmiş haqsızlığı dünya səviyyəsində rəsmiləşdirdi, faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi. Həmin gün Ümummilli lider Azərbaycan KP MK-ya, respublikanın Ali Soveti və Nazirlər Sovetinə teleqram göndərdi. Bununla Ulu Öndər bütün dünya qarşısında 1990-cı il 20 Yanvar faciəsinə verilən ilk siyasi qiymətin təməlini qoydu. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”- deyə Ulu öndər Heydər Əliyev Vətən, xalq qarşısında vətəndaşlıq və milli mövqe nümayiş etdirdi.

Ulu öndərin xalqın tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar hadisələrinin lazımınca dəyərləndirilməsi istiqamətində ciddi addımlar atıldı. Hələ 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsi ilə bağlı tarixi qərar qəbul etmişdi. Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyə gəlişindən sonra isə bu faciəyə hüquqi qiymət verildi. Ulu öndər 1993-cü ilin iyununda Azərbaycanda hakimiyyətə qayıdışının ilk günlərində Şəhidlər xiyabanını ziyarət etdi. Elə yerindəcə tapşırıq verdi ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü layiqincə götürülsün və burada memorial kompleks ucaldılsın. Bunun üçün dövlət səviyyəsində lazımi vəsait ayrıldı və bu iş qısa zamanda başa çatdırıldı. Ulu Öndərin sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan olundu.

Üzərindən 33 il keçməsindən asılı olmayaraq, o qanlı şənbə gecəsində azadlıq və müstəqillik uğrunda mübarizəyə qalxan dinc əhaliyə tutulan amansız divanı xalq heç vaxt unutmur. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı,müstəqilliyi üçün yol açdılar. 30 il ərzində xalqımız mənfur düşmənin işğalı ilə barışmadı, doğma torpaqlara, yurd-yuvamıza qovuşmaq arzusu ilə yaşadı. 27 sentyabr 2020-ci ildə Ermənistan tərəfinin hücüm cəhdi məsələnin sülh yolu ilə həllini səbrlə gözləyən Azərbaycan ücün səbr kasasını daşıran son damla oldu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbəliyi ilə müzəffər Ordumuz 44 gün ərzində illərlə davam edən işğala son qoydu. Tarixin səhifələrinə qızıl hərflərlə yazılan Qarabağ zəfəri Azərbaycan xalqının igidliyinin, mərdliyinin, heç bir işğalla barışmazlığının baraz nümunəsi oldu.

Bu gün Azərbaycan xalqının milli ideyası tarixi torpaqlarına qayıdışı nəzərdə tutur. Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri gedir, artıq Zəngilanın Ağalı kəndi ilə Böyük Qayıdış başlayıb, bu il qayıdış prosesi daha da sürətlənəcək. Gün gələcək Azərbaycanlı qaçqınlar Ermənistandakı əzəli yurd yerlərinə də qayıdacaqlar. 20 Yanvar qəhrəmanlıq tarixindən Qarabağ zəfərinə kimi hadisələr, xalqımızın Vətən, millət sevgisinin, milli ideallar üçün birləşməsinin əvəzsiz nümunələr nəsildən-nəsilə ötürüləcək, Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü əbədi edəcək.