YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmiz mühüm beynəlxalq layihələrin müəllifidir

Mirsüleyman Mirxaslı

YAP Cəlilabad Rayon Təşkilatının sədri

Birləşmiş Ərəb Əmirlikləri qiymətli faydalı qazıntılar neft, təbii qaz, dəmir filizi, daşduz, uran, xromit, nikel, mis, platin, boksit, maqnezit, asbest və s. kimi zəngin resurslara malik olan ölkələrdən biridir. Lakin Əmirliklərin ən mühüm sərvəti dünyəvi əhəmiyyətə malik olan neft və təbii qazdır. Ölkənin təkcə neft ehtiyatı 12,95 milyard ton, təbii qaz ehtiyatı isə 6,0 trilyon kub metrdən çoxdur. Bu göstəriciyə görə Əmirliklər Yaxın və Orta Şərq regionunda Səudiyyə Ərəbistanı, İran, İraq və Küveytdən sonra 5-ci yeri tutur. Ölkə neft ixracına, ilk olaraq 1962-ci ildən etibarən – yəni cəmi 60 il bundan əvvəl başlayıb və neft ixracından gələn gəlir səhiyyəyə, təhsilə və milli infrastrukturun inkişafına yatırılaraq, bütün Əmirliklərin inkişafı təmin edilib. Biznes və turizmin inkişafı, Əmirlikdə tikinti bumuna səbəb olub ki, bunun da nəticəsi bu günkü möhtəşəm mehmanxanalar və göydələnlər şəhərləri olan Əbu-Dabi və Dubaydır.

Biznes, şopinq, kruiz turizmi geniş yayılmış, il boyu davam edən mülayim iqlim, sahilboyu qumlu çimərliklər idman, istirahət, spa, çoxsaylı hotellər, kurort kompleksləri, o cümlədən dünyada ən böyük süni "Palma adaları" kompleksi, istirahət, əyləncə mərkəzləri, attraksionlar, xizək mərkəzi və s. sayəsində turizmin sürətli inkişafı üçün əlverişli şərait yaradılmış, ölkə, Yaxın Şərqin ticarət, Orta Şərqin idman mərkəzinə çevrilmişdir. Bunun nəticəsidir ki, təkcə turizmdən əldə edilən illik gəlir 7,4 mlrd. dolları ötür. BƏƏ hotelləri hər il ortalama 15-16 milyon turistə xidmət göstərir. Ölkə, Fars körfəzi ölkələri içərisində digər mədəniyyət və inanclara qarşı tolerantlıq nümayiş etdirən ən liberal ölkədir.

Bir çox iqtisadi parametrlərə görə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında bənzərliklər var. Bizim ölkəmiz də BƏƏ kimi neft və qaz istehsalçısı olan, azad edilmiş ərazilərimizi tikinti meydançasına çevirən və həm bu, həm də digər ərazilərimizdə turizmin inkişafı üçün zəruri infrastrukturun yaradılması hədəfləri olan, liberal dəyərlərə üstünlük verən, bərpaolunan enerji ilə bağlı nəhəng potensialı olan və məqsədyönlü şəkildə bu potensialdan istifadə proqramları həyata keçirən ölkədir ki, bu layihələrin reallaşmasında BƏƏ-nin təcrübə və potensialından geniş istifadə edilir. Azərbaycanda yaradılmış müsbət investisiya mühiti də BƏƏ-nin təcrübə və imkanlarından yaralanmaq üçün geniş perspektivlər açır. Bütün bunlarla yanaşı, bir sıra regional geosiyasi proseslər, bəzi ölkələrin destruktiv siyasətinin neytrallaşdırılması və bölgədə sülhün, sabitliyin və inkişafının təmin edilməsi üçün, maraqlı dövlətlərin öz səylərini birləşdirməsini zəruri edir ki, bu mənada da Azərbaycan BƏƏ kimi region ölkələri ilə əməkdaşlıqda maraqlıdır.

Azərbaycanda külək və günəş enerjisi stansiyalarının yaradılması prosesində BƏƏ-nin “Masdar” şirkətinin fəal iştirakı belə əməkdaşlığın nümunələrindən biridir. Quruda 27 qiqavatlıq külək və günəş enerjisi, azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları – ümumilikdə isə 200 qiqavata yaxın potensial bu əməkdaşlığı faydalı və labüd edir.

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilmiş və proqram hədəfləri dünyanın dayanıqlı inkişafının sürətləndirilməsində qlobal əməkdaşlıq və liderliyin, iqtisadi inkişaf və texnologiyanın, eləcə də innovasiyanın tətbiqi olan “Dayanıqlılıq Həftəsi”nin rəsmi açılış mərasimində Azərbaycan Prezidentinin çıxışı, məhz bu məqsədlərin reallaşmasına – ölkəmizdə ekoloji cəhətdən yeni təmiz enerji sektorunun yaradılması, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi, ölkəmizin yaşıl enerji istehsalı ilə əlaqədar planlarının, habelə digər hədəflərin həyata vəsiqə almasında bizə dost və tərəfdaş olan ölkələrlə əməkdaşlığın perspektivlərinə həsr olunmuş, Prezidentimiz digər sahələrlə yanaşı, bu sahədə də qardaş ölkə ilə partnyorluq kursunda maraqlı olduğumuzu vurğulamışdır.

Planetimizin gələcəyində maraqlı olan dövlət və hökumət başçılarınının, siyasətçilərin, sənaye liderlərinin, sərmayəçilərin, iş adamlarını və gənclərin aktual məsələlərin müzakirəsi üçün bir araya gəldiyi və dünyanın 150 ölkəsindən 30 minədək nümayəndənin iştirak etdiyi “Dayanıqlılıq Həftəsi” kimi mötəbər bir beynəlxalq tədbirə Azərbaycanın da dəvət alması, şübhəsiz ki, Prezidentimizin apardığı uzaqgörən siyasi kurs sayəsində ölkəmizin mühüm beynəlxalq layihələrin müəllifi və təşəbbüskarına çevrilməsinin və artan nüfuzunun təcəllisidir.