YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni imkanlar

Malik Mirzəyev

YAP Lerik rayon təşkilatının sədri

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində çıxış edib. Prezident İlham Əliyevin çıxışı zamanı səsləndirdiyi fikirlər bir neçə aspektdən diqqət çəkir. Belə bir mötəbər tədbirə Prezident İlham Əliyevin dəvət edilməsi Azərbaycana və onun liderinə olan böyük inamın, etimadın və hörmətin təzahürüdür. Ölkə başçısının toxunduğu mühüm məsələ bərpaolunan enerji mənbələrilə bağlı oldu. Prezident İlham Əliyev çıxışı zamanı qeyd etdi ki, biz Azərbaycanda bərpaolunan enerji mənbələrini öz enerji təhlükəsizliyimizin təmin olunması üçün inkişaf etdirmirik. Enerji təhlükəsizliyimizi hələ bir neçə il əvvəl təmin etmişik. Bu gün Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir, o cümlədən xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Bərpaolunan enerji ilə bağlı proqramımız tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, biz onun sayəsində ixracımızı şaxələndirəcəyik. Əlbəttə ki, nəticədə iqtisadiyyatımızın yeni ekoloji təmiz sektoru yaranacaq.

Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə strateji əməkdaşlığı gücləndirmək niyyətindədir ki, bu, bir neçə iqtisadi sahəni əhatə edir. İki ölkə arasında iqtisadi, xüsusən də enerji sahəsində əməkdaşlıq gücləndirilir. Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan bərpa olunan enerji ilə bağlı bir sıra əməkdaşlıq layihələrində iştirak edəcək. Səfər çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalanmışdır. Bu layihə təkcə Azərbaycan üçün yox, həmçinin regionda bərpa olunan enerji mənbələrinin inkişafı baxımından önəmlidir. Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında “yaşıl enerji”, iqlim dəyişikliyi, “ağıllı şəhərlər”in qurulması, yüksək texnologiyalar və bərpa olunan enerji mənbələri kimi məsələlərdə əməkdaşlıq üçün zəmin var. “Külək enerjisi bu ölkələrin iqliminə uyğundur. Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin aparıcı enerji şirkətləri hazırda ölkələrində bərpa olunan enerji ilə bağlı hədəflərinə nail olmaq üçün təşəbbüslər irəli sürür.

Azərbaycanın ərəb dünyasında rolu artır və bu, bir neçə amillə əlaqədardır. Birincisi, Azərbaycanın, xüsusilə 2020-ci ildə ərazilərini işğaldan azad etdikdən sonra dünya miqyasında əhəmiyyəti yüksəlir. İkincisi, Avropadakı enerji böhranı üzündən rəsmi Bakı enerji təchizatçısı kimi rolunu daha da gücləndirib. Bütün bunlar onun göstəricisidir ki, Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əhəmiyyət daşıyan əlaqələrin inkişafı üçün yeni imkanlar yaranıb.