YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davos Forumu Azərbaycanın imkanlarının dünyaya təqdim edilməsi üçün önəmli platformadır

“Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda iştirakı, Forum çərçivəsində keçirdiyi görüşlər kifayət qədər uğurludur. Davos Forumu Azərbaycanın inkişafını, imkanlarını dünyaya təqdim etmək baxımından mühüm platformadır. Dövlətimizin başçısı Forum çərçivəsində bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, builki Forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Dünya İqtisadi Forumu  16-20 yanvar tarixlərində “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunda keçirilir. Forumun proqramı dünyanın ən aktual problemlərinin həlli üçün dövlət və özəl sektoru tərəfdaşlığa, dünya liderlərini enerji, iqlim və ticarət sahələrində birgə işləməyə çağırır. Budəfəki forumda müdafiə tədbirlərini proaktiv, uzaqgörən siyasətlərə və biznes strategiyalarına çevirmək yollarının tapılması diqqət mərkəzindədir. Qlobal problemlərin müzakirə olunduğu və dünyanın iqtisadi həyatında önəmli qərarların verildiyi Dünya İqtisadi Forumuna Prezident İlham Əliyevin növbəti dəfə dəvət olunması dövlətimizin başçısının beynəlxalq aləmdəki yüksək nüfuzunun daha bir göstəricisidir.

S.Fətəliyevanın sözlərinə görə, iqtisadi xarakter daşımasına baxmayaraq, Forum dünya siyasətində, beynəlxalq münasibətlərdə ciddi təsirə malikdir. Bu tədbir dünyanın iqtisadi mənzərəsinin formalaşdırılmasında önəmli rol oynayır. Burada təqdim edilən müasir texnologiyalar, irəli sürülən yeni fikirlər, təkliflər qlobal iqtisadiyyata yeni istiqamətlər verir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın, on milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Forum həm də ölkələrin özlərini dünyaya yaxından tanıtması, təşviq etməsi baxımından mühüm platformadır.

Sevinc Fətəliyeva qeyd edib ki, dövlətimizin başçısı hər dəfə Davos Forumu kimi nüfuzlu platformadan istifadə edərək Azərbaycan həqiqətlərini, habelə ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin və ictimaiyyətinin diqqətinə çatdırıb. Bu dəfə isə postmüharibə dövründə işğaldan azad olunan ərazilərimizdə görülən işlər və həyata keçirilməsi nəzərdə tutulan regional layihələr, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi Azərbaycanın mühüm rolu diqqət mərkəzindədir.

Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Çinin CGTN  televiziya kanalına müsahibəsində Azərbaycan-Çin münasibətləri ilə bağlı fiukirlərini ifadə edib, ölkələr arasında əalqələri yüksək qiymətləndirib. Eyni zamanda, Çinin təşəbbüskarı olduğu “Bir kəmər-bir yol” layihəsini ilk dəstəkləyənlər arasında  ölkəmizin də olduğunu xatırladıb. Azərbaycan beynəlxalq tranzit imkanlarını dünyaya təqdim edir və bunun üçün kifayət qədər əsaslı infrastrukturu var. Bu səbəbdəndir ki, ötən il ölkəmizin ərazisindən tranzit daşımaların həcmi 75 faiz artıb. Bütövlükdə isə builki Davos Forumu bir daha Azərbaycanın imkanlarının dünyaya təqdim edilməsi üçün önəmli platformadır.