YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübarizlik örnəyi: Azərbaycan xalqı yenilməzdir

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Çoxəsrlik dövlətçilik tariximiz qürur doğuran və mübarizlik örnəyi olan hadisələrlə zəngindir. Bunlardan biri də Azərbaycan xalqının milli qan yaddaşı olan 20 Yanvar faciəsidir. Bakıda və respublikanın rayonlarında 147 nəfərin qətlə yetirilməsi, 744 nəfərin yaralanması və 841 nəfərin həbs olunması ilə nəticələnən 20 Yanvar hadisəsi təkcə milli faciə deyil, eyni zamanda, şanlı qəhrəmanlıq salnaməsidir.

20 Yanvar hadisəsinin tarixi və milli-siyasi yaddaşımızda yerini, önəmini izah etmək üçün bir sıra mühüm məqamlara toxunmaq lazımdır:

-  Bu qanlı ssenari öz hüquqları və azadlığı uğrunda ayağa qalxan xalqın inamını qırmaq, iradəsini sındırmaq, eləcə də qürub çağı yaşayan, dağılmağa məhkum və düçar olmuş SSRİ hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə törədilmişdi;

-  20 Yanvar hadisəsi, eyni zamanda, siyasi qüvvələrin əsl simasını – gerçək mahiyyətini nümayiş etdirdi. O zaman Azərbaycana “rəhbərlik edən” qüvvələr də xəyanətkar mövqeləri ilə xalqımıza ciddi zərər verdilər. Onlar bu faciəyə biganə qaldılar, hadisələrin mahiyyətini gizlətməyə çalışmaqla mənəviyyatsızlıq və siyasi əxlaqsızlıq nümayiş etdirdilər. Daha bir rəzil fakt xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin qatılmaması idi. Hətta o vaxt respublika rəhbərliyi şəhidlərin - 20 Yanvar qurbanlarının dəfn mərasiminə gəlməyi belə lazım bilmədi. Daha sonra isə Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri hakimiyyətdə olmalarına rəğmən, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət vermədilər, heç belə bir təşəbbüs və təkliflə çıxış etmədilər. Adında “xalq” sözünü daşıyan bir siyası düşərgənin xalqın faciəsinə biganə qalması elə xalqa xəyanət idi;

- Hadisədən dərhal - 1 gün sonra Heydər Əliyev öz canı bahasına - həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə getdi, xalqımızın haqq səsini ucaldaraq qətiyyətli mövqe ifadə etdi, qanlı faciənin təşkilatçılarını şiddətlə qınadı. Bu, Azərbaycan xalqının iradəsini birmənalı və konkret şəkildə ifadə olunması idi. Daha sonra Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. 1994-cü il mart ayının 29-da ölkə parlamenti tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Beləliklə, 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilmiş oldu;

- Qürur və iftixarla qeyd edirik ki, 20 Yanvar faciəsi unudulmur, cəmiyyət və dövlət tərəfindən şəhidlərin ruhuna, əziz xatirəsinə böyük ehtiram və hörmət göstərilir. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqət və qayğısı nəticəsində 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir, əlillərin sağlamlıqlarının bərpası istiqamətində daimi işlər görülür;

- 33 il əvvəl tarixin ən qəddar cinayət hadisələrindən birinə məruz qalan Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü döyüş meydanında göstərməklə bir daha mübarizliyini və iradəsini, sarsılmaz xalq olduğunu dünyaya nümayiş etdirdi. Bir daha isbat edildi ki, Azərbaycan xalqı yenilməzdir!