YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

33-cü ildönümünü qeyd etdiyimiz 20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq və şərəf səhifəsi kimi dəyərləndirilir. 1990-cı ilin 19-20 yanvar tarixlərində əsasən ermənilərdən ibarət Sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdilər. Günahsız insanlar qətlə yetirildi, yaralandı, əlil oldu, itkin düşdü. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdu. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Bu faciə xalqımızın azad, müstəqil yaşamaq istəyini boğmadı. Xalqımız daha da mətinləşdi.

Reallıq budur ki, xalqımızın müstəqillik, suverenlik arzusu, niyyəti və bu istiqamətdə siyasi oyanışı o dövrdə Sovet hökumətini ciddi narahat edirdi. Xalqımızın bu arzusunu boğmaq üçün cinayət əməlinə, soyqırıma, qırğına əl atıldı, Bakıya qoşun göndərildi, 1990-cı il 20 Yanvar faciəsi yaşandı.

Dəhşətli faciədən bir az öncə Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Dünya ictimaiyyəti Azərbaycanda baş vermiş bu qanlı hadisədən xəbərsiz idi.  Belə ağır bir vaxtda ulu öndər Heydər Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək, Sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat verdi. Ümummilli lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını tələb etdi.

20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi. Ümummilli Liderin  təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib.

Qeyd etdiyimiz kimi, xalqımız 20 Yanvarda nümayiş etdirdiyi qətiyyəti ilə bir daha sübut etdi ki, qəhrəman, yenilməz xalqdır, haqqının tapdanmasına imkan verməz, Vətənini, onun müstəqilliyini qorumaq əzmindədir.

Artıq Azərbaycan dövlət müstəqilliyinin bərpasının 31 ilini arxada qoyub. Müstəqilliyimizin bərpasının ilk illəri Azərbaycan tarixinə qara səhifə kimi yazılsa da, 1993-cü ildən bu günədək qazandığımız uğurlarla qürur duyuruq. Bu uğurları Azərbaycana qazandıran Heydər Əliyev yoludur. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə Azərbaycanın həyatında yeni dövr başladı. Ən əsası müstəqilliyinizin əbədiliyi və dönməzliyi təmin edildi. Azərbaycanın bu günü və gələcəyi üçün möhkəm təməl yaradıldı. Son 19 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı ən yüksək zirvələri fəth etdirir. İki ildən artıqdır ki, möhtəşəm Zəfərimizin sevincini yaşayırıq. Azərbaycan bir da da dünyaya sübut etdi ki, bu torpaqların sahibi bizik və burada daimi olacağıq. Bu gün şəhidlərimizin ruhu şaddır. Qalib Azərbaycan uğurları ilə dünyanın diqqətindədir. Şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə  parlaq səhifələr yazıblar.  Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur.