YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar şəhidləri böyük tarixin şanlı səhifələrini yazdılar

“Müstəqil Azərbaycan dövlətinin tarixinə qanla yazılan 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsidir. O müdhiş gecədə şəhid olan Vətən oğulları xalqımızın milli azadlığa, müstəqilliyə gedən yolu işıqlandırdılar. 1990-cı ilin yanvar qırğınında faciələr yaşasa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini heç bir qüvvə qıra bilmədi.” Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, düz 33 ildir ki, xalqımız bu günü Vətənimizin azadlığı, suverenliyi uğrunda şəhid olan mərd oğul və qızlarının xatirəsini dərin hörmət və ehtiramla yad edir.

20 Yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının mübarizliyini, məğrurluğunu bütün dünyaya nümayiş etdirdi. 33 il əvvəl tarixə qanla yazılan o dəhşətli geçə uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlığı, suverenliyi uğrunda mübarizəsinə təkan oldu, ən əsası isə SSRİ adlanan nəhəng imperiyanın çökməsinə şərait yaratdı. Vətəni, azadlığı uğrunda ölümün gözünə dik baxan Azərbaycan övladları 1990-cı ilin 20 yanvar gecəsini yeni tariximizə həm də bir qürur günü, qəhrəmanlıq səhifəsi kimi yazdılar.

Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi".

33 il. Uzun bir zaman keçməsinə baxmayaraq, Qanlı Yanvar hadisələrinin səbəbləri, bu hadisələrin günahkarları, onlara yardım edənlər, verilən yanlış qərarlar və onların törətdikləri ağır fəsadlar, üzləşilən bütün haqsızlıqlar, ədalətsizliklər ürək ağrısı ilə xatırlanır. 20 Yanvar hadisələrindən sonra xalqın mübarizəsini tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa başladı. Hakimiyyətdə olduqları dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər. Ancaq xüsusi ilə qeyd etmək lazımdır ki, həmin dövrdə heç bir təhlükədən çəkinməyərək Sovet hakimiyyətinin bu cinayətinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin bütün qadağalarına rəğmən, həyatını təhlükəyə ataraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi. Ulu Öndərin bu cür cəsarətli addımı xalqı da cəsarətləndirdi.

Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin ikinci yarısında yenidən hakimiyyətə qayıdışı Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra, 1990-cı ilin Qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. Ulu Öndər Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, sözügedən qanlı qırğında əlil düşmüş vətəndaşlarımıza diqqət və qayğısını heç zaman əsirgəmədi. Bu məqsədlə bir sıra mühüm qərarlar qəbul etdi, sərəncamlar imzaladı.

Ramil Orucov onu da vurğulayıb ki, bu gün də Ümummilli Liderin layiqli davamçısı Qalib ölkəmizin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə xüsusi diqqət yetirilir, onların yaşayış səviyyəsinin yaxşılaşdırılması, sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərmana əsasən 2023-cü ildən 20 Yanvar şəhidinin ailəsi üçün təqaüdün məbləği artırılaraq 600 manata çatdırılıb.

33 il əvvəl 20 Yanvar şəhidləri böyük tarixin şanlı səhifələrini yazdılar. 2020-ci ildə 44 günlük Vətən müharibəsində onların torpağa səpdiyi cücərtilər göyərdi.

“Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq kimi ətrafında birləşdi, Zəfərimizi, düşmən üzərində qələbəmizi reallığı çevirdi, müstəqilliyimizin əbədi olduğunu bütün dünyaya bir daha bəyan etdi”- deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov qeyd edib.