YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib

Göygöl Heydər Əliyev Mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, Mərkəzdə təşkil olunan kitab sərgisinə baxış keçirilib.

Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayevin, partiya fəallarının və ziyalıların iştirakı ilə keçirilən tədbirdə ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra 20 Yanvar faciəsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqı üçün unudulmaz tarixdir və 33 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir. 20 Yanvar hadisələrinə siyasi qiymətin ilk dəfə ulu öndər Heydər Əliyev tərəfindən verildiyini, dövrün mürəkkəbliyinə və görüləsi işlərin çoxluğuna baxmayaraq, tariximizin qanlı səhifəsi olan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul olan Ümummilli Liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da parlamentin “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdiyini, 20 Yanvar faciəsinin məhz ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldığını diqqətə çatdırdı.

Rayon Heydər Əliyev Mərkəzinin direktoru Araz Mehdiyev “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda geniş məruzə ilə çıxış edib.

Daha sonra YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək 20 Yanvar hadisələrinin canlı şahidi olduğunu qeyd edərək, baş verən hadisələri olduğu kimi tədbir iştirakçılarının diqqətinə çatdırmış, xalqa qarşı qanlı terror hadisələri baş verən zaman Moskvada xüsusi xidmət orqanlarının nəzarətində olan, heç bir vəzifə səlahiyyəti olmayan, ancaq ürəyi xalqı ilə döyünən ulu öndər Heydər Əliyevin özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq yanvar ayının 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək orada xalqımıza qarşı törədilən qanlı cinayəti və yabançı siyasəti tənqid etməsindən bəhs etmiş, bu gün Şəhidlər Xiyabanında ucalan “Əbədi məşəl” abidə kompleksinin də məhz Ulu Öndərin təşəbbüsü ilə şəhidlərimizə ehtiram əlaməti olaraq inşa olunmasını, həmçinin Heydər Əliyevin 17 yanvar 2000-ci il tarixdə imzaladığı Fərmanla 20 yanvar faciəsi zamanı şəhid olmuş oğul və qızlarımıza “20 yanvar şəhidləri” fəxri adının verilməsini tədbir iştirakçılarının diqqətinə çatdırılmış, Azərbaycanın tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə çatmasında ulu öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyevin yüksək və əvəzsiz xidmətlərindən danışıb.

Rayon ağsaqqalı Azadxan Haqverdiyev çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıb, bütün çıxış və nitqlərdə Azərbaycanın Zəfərlə nəticələnən gələcəyinə məşəl olan 20 Yanvar şəhidlərinin daim hörmət və ehtiramla anılacağını vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv