YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar hadisəsi xalqımızın tarixində şərəfli bir səhifədir

“1990-cı ilin 20 Yanvar faicəsindən 33 il ötür. 20 Yanvar hadisələri Azərbaycan xalqı üçün yalnız böyük faciə deyil. Bu hadisə ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, 20 Yanvar hadisələri nəticəsində sovet imperiyası Azərbaycanda özünün bütün dayaqlarını itirdi. Baş vermiş hadisələr həm də dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Onun sözlərinə görə, milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilib. Ümumilikdə, hadisələr zamanı respublikada 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilib.

S.Fətəliyeva qeyd edib ki, 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu. Belə ki, o zamankı hakimiyyət qırğının qarşısını almaq üçün heç bir addım atmadı. Eyni zamanda, insanlara küçələrə çıxmağa çağıran, xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranlar da əməllərinə görə məsuliyyət daşıyır. Eləcə də, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu tamamilə unutdu.

Sevinc Fətəliyeva xatırladıb ki, 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi: “Ulu Öndər  cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. O, Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra isə Ulu Öndərin təşəbbüsü ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli Lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində həqiqətlər üzə çıxdı”.

Sevinc Fətəliyeva qeyd edib ki, ölkəmizdə 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi əbədiləşdirilib, dövlətimiz faciə zamanı zərər çəkmiş insanlara daim qayğı göstərir: “Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır. Dövlətimizin başçısının təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Prezidentin yanvarın 13-də imzaladığı fərmana əsasən 20 Yanvar şəhidlərinin ailələrinə verilən Prezident təqaüdünün məbləği 600 manat müəyyənləşib. 20 Yanvar şəhidlərinin uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılıb. Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini daim uca tutur”.