YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar hadisəsi Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri  

1990-cı ilin 20 Yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olub. 20 Yanvar xalqımızın həyatında dərin və sonsuz hüzn törətməsinə baxmayaraq, ulu öndər onu tarixi qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmiş, yeni nəsillər üçün örnək səviyyəsinə yüksəltmişdir. Belə ki, Azərbaycan xalqına qarşı tətbiq edilən bu vəhşilik əks-təsir yaratmış və müstəqil Azərbaycan Respublikasının qurulmasında dönüş nöqtələrindən biri olmuşdur. Bu faciədən sonra Azərbaycan xalqı səsini daha da yüksəklərə çatdırmaq üçün səy göstərmiş, 18 oktyabr 1991-ci ildə müvəffəqiyyət qazanaraq, müstəqilliyini bütün dünyaya elan etmişdir.

Ancaq Azərbaycanın o vaxtkı səriştəsiz, satqın, vəzifələrini itirməkdən qorxan rəhbərləri olmasa idi, müstəqilliyə gedən  yolda belə böyük bir faciə baş verməzdi. 20 Yanvar faciəsinin yaşandığı o ağır günlərdə Azərbaycan xalqı böyük bir həqiqəti də  bütün mahiyyəti ilə dərk etdi. Bu həqiqət isə ondan ibarət idi ki, meydanda həqiqi lider yox idi. Belə ağır bir faciənin baş verməsinə baxmayaraq, o vaxtkı hakimiyyətdə olan satqınlar hələ də vəzifə davası edirdilər. Hakimiyyətdə olmamasına baxayaraq məhz ümummilli lider Heydər Əliyev hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırmışdı. Beləliklə, o faciəli günlərdə Ümummilli Lider Heydər Əliyevin respublikada yoxluğu  ən böyük və ən acı həqiqəti kimi dərk olundu.

Xalqının xilaskar oğlu  Heydər Əliyevin ikinci dəfə Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.

Azərbaycan xalqı hər zaman Vətən uğrunda canlarından keçən şəhidlərinin əziz xatirəsini uca tutur. Həmçinin onların ailə üzvləri, doğmaları da hər zaman dövlət qayğısı ilə əhatə olunur. Belə ki, cənab İlham Əliyevin bu istiqamətdə müvafiq Fərman və Sərəncamlar imzalaması qazi və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir. Bu kateqoriyadan olan insanlar üçün müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir. Eləcədə 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı  sağlamlığını itirən vətəndaşlarımız hər zaman dövlət başçımızın diqqətindədir. Cənab İlham Əliyevin  2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamına əsasən 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600  manat müəyyən edilib. Ölkəmizin sosial-iqtisadi inkişafı deməyə əsas verir ki, Vətənimizin müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bundan sonra da davam etdiriləcək.