YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar qətliamı Azərbaycan xalqının birliyinizi möhkəmləndirdi

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü

Müstəqilliyimizin bərpasından əvvəlki illərdə Azərbaycan xalqı ayağa qalxaraq birlik və həmrəylik nümayiş etdirib. Xalqımızın qəzəbindən qorxan mərkəzi hakimiyyət onu mübarizə əzmini sındırmaq üçün bütün vasitələrə əl atıb. 1990-cı ilin yanvarında Bakıda törədilən cinayət Moskvanın həmin qəbildən olan “cəza aktları”ndan biri idi. Belə ki, yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqının dövlət başçısı Mixail Qorbaçovun əmri ilə sovet qoşun hissələri Bakıda və Azərbaycanın bir neçə rayonunda kütləvi qətllər həyata keçirdi.

Ən dəhşətlisi o idi ki, sovet qoşunlarının Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət edilmiş, fövqəladə vəziyyətin elan olunmasından əvvəl  əhali xəbərdar olunmamışdı. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00:00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21:00-dan etibarən şəhərə yeridilmişdi. Bu azmış kimi, 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 60 minlik şəxsi heyəti Bakı şəhərində yerləşdirilmişdi. Eyni zamanda 20 yanvarda Azərbaycana göndərilən qoşunların tərkibinə ölkənin Stavropol, Rostov, Krasnodar və digər bölgələrindən səfərbər edilmiş erməniəsilli hərbi qulluqçular, kursantlar da cəlb olunmuşdu.

Qətliama birbaşa SSRİ-nin ovaxtkı müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və digər güc strukturları rəhbərləri həyata keçirmişdilər. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda, o cümlədən Neftçalada, Lənkaranda və digər bölgələrdə dinc sakinlərə qarşı qətliam törədilmişdi.

Bu məqamda xüsusi vurğulamaq yerinə düşər ki, 20 Yanvar faciəsinə ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən bildirilmişdi. 21 yanvar 1990-cı il tarixində həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etmişdi. Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhvi ifşa edən Ulu Öndər Heydər Əliyev Bakıya qoşun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.

Onu da xatırladaq ki, Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdana kimi bu qanlı faciəyə siyasi hüquqi qiymət verilməmişdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Bundan sonra isə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 29 mart 1994-cü il tarixində Azərbaycan Respublikası Milli Məclisi “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Heydər Əliyev: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə".

Xalqımızın başına gətirilən qanlı faciənin qurbanlarını dövlətimiz və bizlər heç vaxt unutmamışıq. Belə ki, 20 Yanvar hadisələrinin qurbanları daimi dövlətin diqqət və qayğısı ilə əhatə olunub. 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsidə dövlət tərəfindən uğurla həyata keçirilib. Prezident Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün Prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılıb. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir.

Yuxarıda vurğulandığı kimi, xalqımız azadlıq, müstəqillik uğrunda şəhid olmuş oğul və qızlarını unutmur. Hər il həmin tarixdə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

Ən nəhayət, 20 Yanvar faciəsinin 33 ildönümünü qeyd etdiyimiz bu günlərdə birmənalı olaraq deyə bilərik ki, 20 Yanvar qətliamı Azərbaycan xalqının əzmini qıra bilmədi, əksinə birliyimizi möhkəmləndirdi.