YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qanun müasir dövrün tələblərinə uyğundur

Anar Məmmədov

Milli Məclisin deputatı

“Siyasi partiyalar haqqında” qanun Azərbaycanda 1992-ci ilin iyun ayında qəbul edilmişdir. Bu gün ölkədə yeni bir siyasi konfiqurasiya, siyasi sistem yaranıb. Azərbaycan 30 il əvvəlki dövrdən tamamilə fərqlidir. Hazırda ölkəmiz dünyada söz sahibinə çevrilmiş, sürətlə inkişaf edən dövlətdir. Məhz buna görə də yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlirdi. Bununla da Azərbaycanda siyasi partiyaların fəaliyyətini tənzimləyən, dövlətlər siyasi partiyaların münasibətlərini yeni müstəviyə daşıyan, müasir çağırışlara cavab verən hüquqi-normativ aktın bazası daha da təkmilləşdirildi.

Qanun layihəsinin hazırlanması prosesi demokratik və şəffaf şəkildə təşkil edilib. İlk dəfə olaraq qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib. Sentyabrın 28-də qanun layihəsinin ilk ictimai dinləmənin keçirilməsi təyin edilib.

Onu da qeyd edək ki, layihənin hazırlanmasında siyasi partiyaların iştirakı təmin edilib. Cari ilin iyulun 26-da Milli Məclis layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün dövlət qeydiyyatına alınmış siyasi partiyalara müraciət etmişdir. Ötən müddət ərzində 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim etmiş və yeni qanunun hazırlanmasında bu təkliflərdən istifadə edilmişdir.
Sənədlərin hazırlanmasına önəmli məqamlardan biri layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsidir. Milli Məclisdə layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi nəzərdən keçirilib. Bu eyni zamanda, sözügedən qanunun hazırlanmasına göstərilən diqqətin və həssaslığın göstəricisidir.

Əvvəlki qanundan fərqli olaraq, yeni qanun siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materiallarının hazırlanması və satışı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək (çap mediasının iştirakçısı olmaq) üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

Yeni qanunda vacib məqamlardan biri də siyasi partiyanın dövlət qeydiyyatının, fəaliyyətinin dayandırılmasının və ləğvi ilə bağlı mübahisələrə apellyasiya məhkəməsi tərəfindən baxılmasıdır. Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməlidir, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

Bununla yanaşı, dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə, siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Siyasi partiyaların fəaliyyətinin dövlət tərəfindən hüquqi tənzimlənməsi siyasi plüralizmin təşviqinə xidmət etməlidir, dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət orqanlarının, yerli özünüidarəetmə orqanlarının, vəzifəli şəxslərin siyasi partiyaların fəaliyyətinə müdaxiləsinə yol verilmir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyasını və Azərbaycan Respublikasının qanunlarını pozan siyasi partiyaların fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər.

Eyni zamanda Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması, hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması, kütləvi iğtişaşlara, terrorçuluğa açıq çağırışlar edilməsinə, terrorçuluğun, dini ekstremizmin, zorakılığın və qəddarlığın, habelə irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin, həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan hərəkətlərin təbliğinə, irqi, dini və ya etnik düşmənçiliyin salınmasına, Azərbaycan Respublikasının ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının təsis edilməsinə və fəaliyyətinə yol verilmir. Həmçinin, siyasi partiya öz orqanları və struktur qurumları, partiyanı təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, partiyanın fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, həmçinin qeyd edilmiş subyektlər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində partiyanın adından rəsmi olaraq hərəkət edən üzvü tərəfindən qanunun pozulmasına görə cavabdehlik daşıyacaq. Beləliklə, yeni qanun Azərbaycanın siyasi həyatında partiyaların öz yerini tutması, öz yerinin olması məsələsini mütləq şəkildə tənzimləyəcək, ölkəmizdə siyasi mühitin inkişafına və siyasi sistemin dayanıqlığına böyük təkan verəcək.