YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əliabbas Salahzadə: 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu

“Azərbaycan xalqı yenilməz, məğrur xalq olduğunu daim dünyaya nümayiş etdirir. 1990-cı ilin 19-20 Yanvar tarixlərində Azərbaycan xalqının nümayiş etdirdiyi qətiyyət də bunun təsdiqi oldu. Bir daha sübut olundu ki, heç bir qüvvə xalqımızın milli azadlıq uğrunda mübarizə əzmimizi qıra bilməz. 20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvar faciəsinin baş verməsindən ötən 33 il hadisənin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deyir. Həm ölkə daxilində, həm də bu və ya digər ölkələrdə soydaşlarımızın faciənin ildönümləri ilə bağlı keçirdiyi tədbirlərdə bir daha bu reallıq diqqətə çadırılır ki, 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Təbii ki, bu həqiqət dünyaya da yaxşı bəllidir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.”

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

“Qeyd etdiyimiz kimi, 20 Yanvar faciəsi xalqımızın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı” söyləyən millət vəkili qeyd edib ki, Azərbaycanın 1991-ci ilin oktyabrın 18-də dövlət müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqidir: “Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərində yaşadığı faciələr, təhlükələr yaddaşlarda olmaqla yanaşı, tariximizin qara səhifəsi kimi daim vərəqlənməkdədir. Azərbaycan o zaman ölkəyə rəhbərlik edən ünsürlərin səriştəsizliyi, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları ucbatından ən ağır günlərini yaşadı. Bir tərəfdən ölkədə ictimai-siyasi durumun gərginliyi, digər tərəfdən torpaqlarımızın işğalı xalqın səbir kasasını doldurdu. Xalq dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı tələbi ilə ayağa qalxdı. Hər bir çətin məqamda xalqının yanında olan, bütün həyatını Azərbaycanın uğurlu gələcəyinə həsr edən ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ökəmizin həyatında yeni mərhələnin başlanğıcı oldu. Müstəqilliyini itirmək təhlükəsini yaşayan Azərbaycan bütün təhlükələrdən xilas oldu, yeni inkişaf dövrü başladı. Ümummilli Liderin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın müstəqilliyi əbədi, dönməz oldu. Bu fikri ulu öndər Heydər Əliyev xüsusi qeyd etmişdir ki, müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir. Dahi şəxsiyyətin bu fikirlərinin davamı olaraq Prezident İlham Əliyev bildirir ki, 1993-2003-cü illər sabitlik, inkişaf illəri olmuşdur. Heydər Əliyev bir daha göstərdi ki, ən ağır böhran vəziyyətindən çıxış yolu var. O da cəsarətdir, düşünülmüş müstəqil siyasət və addımlardır.”

Əliabbas Salahzadə bu məqamı da qeyd edib ki, 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi oldu: “Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə çevirən AXC-Müsavat cütlüyünün iç üzü açıqlandı.  Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən bu cütlük hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.”

Millət vəkili bildirib ki, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin “20 Yanvar” əməlinə etiraz edən ulu öndər Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə” söyləyən Ümummilli Lider cəsarətli addımı ilə xalqına, Vətəninə bağlılığını bir daha təsdiqlədi:

“Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi.

1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn ulu öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Dahi şəxsiyyətin 20 Yanvar  həqiqətlərinin ifşa olunmasına xidmət edən fəaliyyəti davamlılığı ilə diqqətdə olub.  Ümummilli Liderin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə 1998-ci ildə “20 Yanvar Şəhidi” fəxri adı təsis edilib. Onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan xalqına Zəfər sevincini yaşadan  Prezident İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət göstərir.”

“20 Yanvar faciəsindən tarixi Zəfərimizədək yolun təhlili bir daha bu reallığı əminliklə söyləməyə əsas verir ki, şəhidlərimizin ruhu şaddır. Bu gün Azərbaycanın müstəqilliyi əbədidir, sarsılmazdır. Azərbaycan müstəqil siyasəti ilə biri-birindən möhtəşəm uğurlara imza atır. Qarabağ, Şərqi Zəngəzur azaddır. Qalibiyyət rəmzimiz olan üçrəngli bayrağımız bu torpaqlarda dalğalanır. Ölkəmizin həyatında yeni mərhələ başlayıb. Hər günü tarixinə uğur səhifəsi kimi yazan müasir müstəqil, qalib Azərbaycan qürur mənbəyimizdir”,- deyə Əliabbas Salahzadə vurğulayıb.