YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar xalqımızın azadlıq mübarizəsinin zirvəsidir

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 33 il keçir.  1990-cı ilin 19-20 Yanvar tarixlərində ermənilərdən ibarət sovet ordusunun xüsusi təyinatlı cəza dəstələri, hərbi dəniz donanmasının və daxili qoşunların bölmələri dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi, günahsız insanlar qətlə yetirildi, yaralandı, əlil oldu, itkin düşdü. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları nəticəsində Bakıda və rayonlarda 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

20 Yanvar hadisələrinə geniş mənada əsl hüquqi-siyasi qiymətin verilməsi ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu.  Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar faciəsinin səbəblərinin, günahkarlarının aşkarlanması üçün yaradılan komissiyanın işini bərpa etməklə əsil həqiqəti üzə çıxardı, xalqla birliyini bir daha   təsdiqlədi. 20 Yanvar hadisələrinin geniş miqyas almasında, kütləvi insan tələfatı ilə nəticələnməsində o dövrdə iqtidarda olanlar da günahkar idilər. 

Bu kimi faciələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Azərbaycanın 1991-ci ilin 18 oktyabrında dövlət müstəqilliyini yenidən bərpa etməsi bunun təsdiqidir.  Baxmaraq ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə rəhbərlik edənlərin idarəçilik qabiliyyətlərinin yoxluğu, şəxsi ambisiyalarının əsiri olması ucbatından Azərbaycan böyük çətinliklərlə, təhlükələrlə üz-üzə qalmışdı, torpaqlarımız işğal edilirdi, xalqımız yenə də ümidini xilaskarına bağladı, bu çətinliklərdən xilas olacağına inamla yanaşdı. Dahi şəxsiyyətin torpaq, Vətən, xalq sevgisi Onu xalqının səsinə səs verməsini şərtləndirdi. 1993-2003-cü illərdə Azərbaycanı bu günü və gələcəyi üçün görülən işlərin xronologiyasına nəzər salmaq kifayətdir. Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi, sarsılmazlığı təmin edildi. Ulu öndər Heydər Əliyev müstəqilliyimizi tarixi nailiyyətimiz kimi dəyərləndirərək onun daha da möhkəmlndirilməsi üçün bütün dünya azərbaycanlılarını azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməyə çağırdı.

Son 19 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi ölkəmizin qarşısında yeni-yeni imkanlar açır. Bu gün böyük fəxr və inam hissi ilə qeyd edirik ki, Azərbaycan öz inkişaf modeli ilə digər ölkələrə örnəkdir. Uğurlarımız müstəqilliyimizi daimi, dönməz və əbədi edir. Azərbaycanın uğurlarının davamlılğı artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin həllinə geniş imkanlar yaratdı. Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərə Vətən oğullarının qanı, canı bahasına imza atdı. Bu gün şəhidlərimizin ruhu şaddır. Azərbaycanın üçrəngli bayrağı azad Qarabağımızda dalğalanır.

Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır.  O qanlı-qadalı günlərdə Azərbaycan xalqı qətiyyət ilə bir daha nümayiş etdirdi ki, heç bir qüvvə onun milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməz. Xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.