YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca isə “Qanlı Yanvar” faciəsi ilə bağlı tədbir iştirakçılarına qısa məlumat verilib.

Tədbirdə çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev tarix boyu xalqımızın faciələrlə üzləşdiyini və bu faciələrin böyük bir hissəsinin XX əsrdə baş verdiyini bildirib. Qeyd edib ki, xalqımız zaman-zaman özünün azadlığı uğrunda mübarizədə itkilər verib.

Təşkilat sədri söyləyib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilən faciələrdən biridir: “Azərbaycan xalqı bu faciəni unutmur. Faciədən 30 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur”. Onun sözlərinə görə, 20 Yanvar hadisəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətdir.

S.Vəliyev diqqətə çatdırıb ki, 20 yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndər Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ulu Öndərin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən bu faciədən xəbərdar oldular. Daha sonra Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi.

Tədbirdə çıxış edən Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Zülfüqar Əsgərov qeyd edib ki, biz 20 Yanvar hadisəsini yalnız faciə kimi xatırlamamalıyıq. Çünki bu hadisə xalqımızın azadlıq mübarizəsinin şanlı səhifələrindən biridir. Onun sözlərinə görə, sovet imperiyasının rəhbərliyi dinc insanları qətlə yetirsə də, bu, imperiyanın süqutunu bir az da tezləşdirmiş oldu.

Z.Əsgərov, həmçinin qeyd edib ki, Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində lazımi işlər görülüb və Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

Tədbir Təhsil Mərkəzinin müəllim və tələbələrinin çıxışları ilə davam edib.

Sonda 20 Yanvar faciəsi ilə bağlı video-çarx nümayiş etdirilib.