YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 Yanvar faciəsi azadllıq uğrunda milli həmrəyliyimizin bariz nümunəsidir

Bəxtiyar Nəbiyev

YAP Yasamal rayon təşkilatının sədri

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq otuz üç il keçir. Keçmiş Sovet İttifaqının hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdəndir. Milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşib, hədsiz haqsızlıqlarla qarşılaşıb. Başımıza gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən, müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla cinayətkar Sovet ittifaqı rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan Azərbaycan xalqının həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına olsa da öz dövlət müstəqilliyinə qovuşa bildi.

Biz azərbaycanlılara qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 146 nəfər şəhid olub, 744 nəfər yaralanıb və xəsarət alıb, 4 nəfər itkin düşüb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub.

Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və ... hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ...Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”

20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqı milli azadlığını, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır. Onları qəlbimizdə yaşatmaq, gələcək nəsillərmizə təbliğ etmək bizim hər birimizin vətəndaşlıq borcumuzdur.

20 Yanvar hadisələrinə siyasi qiymət ilk dəfə Ulu öndər Heydər Əliyev tərəfindən verildi ki, bu öz növbəsində Ümumilli Liderin siyasi iradəsinin nəticəsi idi. Ümummilli lider Heydər Əliyevin hələ Naxçıvan Ali Sovetinin Sədri olan zaman onun təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ümummilli lider Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra isə dövrün mürəkkəbliyinə və görüləcək işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması istiqamətində mühüm işlər apardı. Məhz Ümummilli Liderimizin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Beləliklə də, 20 Yanvar faciəsi məhz Ulu öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz siyasi-hüquqi qiymətini aldı. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 29 dekabr Fərmanı ilə də "20 Yanvar Şəhidi" fəxri adı təsis edilib.

Azərbaycan xalqı və dövləti 20 Yanvar şəhidlərin xatirəsini daim uca tutur. Ulu öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər Xiyabanını ziyarət edərək “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyur. Cənab Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün etibarlı sosial müdafiə sistemi formalaşıb. Prezident İlham Əliyev 1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin gücləndirilməsi üçün də mühüm işlər görmüşdür. Dövlətimizin başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə aylıq təqaüd verilir. Təqaüdün məbləği 2021-ci il yanvarın 1-dən 300 manatdan 500 manatadək artırıldı. Məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri aparılıb. Bundan başqa, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksi inşa olunub.Qeyd edək ki, 20 Yanvar şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün Cənab Prezident İlham Əliyevin 13 yanvar 2023-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin  təqaüdü 2023-cü il 1 yanvar tarixindən 600 manat müəyyən edilmişdir.