YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ Zəfəri ilə bütün şəhidlərimizin ruhları şaddır

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

20 Yanvar faciəsindən 33 il ötür. İllər keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən dərk edilir, düzgün qiymətləndirilir. 20 Yanvar faciəsi müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. 1990-cı il yanvarın ortalarında SSRİ Müdafiə və Daxili İşlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək, Qala və “Nasoslu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında  yerləşdirilmişdir.

20 Yanvar faciəsi xalqımıza qarşı törədilən böyük qanlı bir cinayət idi.  Bu hadisə Azərbaycan xalqının iradəsini qıra bilmədi, milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə nail olmasına gətirib çıxardı. Müasi müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirmişdi ki, bu təcavüz xalqımızı mənəvi cəhətdən çox sarsıtsa da, itkilərə məruz qoysa da, onun mənliyini tapdalaya, qürurunu sındıra bilmədi, qəhrəmanlıq salnaməsinə yeni bir səhifə kimi yazıldı.

20 Yanvar hadisələri faciə kimi qeyd olunsa da, əslində xalqımızın tarixində ən qürurlu, ən şərəfli gündür. Bu faciə ilə xalqımız onun müstəqillik və azadlıq mübarizəsinin qarşısını heç bir qüvvənin ala bilməyəcəyini bir daha dünyaya göstərdi.

Azərbaycan 1991-ci il 18 oktyabr tarixində dövlət müstəqilliyini yenidən bərpa etdi. Müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizə səriştəsiz, idarəçilik qabiliyyəti olmayan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir çətin dövrdə ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Öz xilaskarlıq missiyasını yerinə yetirərək Azərbaycanın müstəqilliyinin daimiliyini, sarsılmazlığını təmin etdi. Dövlətçiliyimizin əsasları yaradıldı. 1993-2003-cü illərdə yaradılan möhkəm təməl Azərbaycanın son 19 ildən artıq dövrdə  möhtəşəm uğurlarını şərtləndirdi. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan daha da möhkəmləndi, gücləndi, Ordumuzun maddi-texniki bazası möhkəmləndi, diplomatik mübarizədə qələbələrimiz biri-birini əvəzlədi.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz uğurlarımızın zirvəsi kimi dəyərləndirilir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tariximizin ən möhtəşəm səhifəsini yazdı.  Qarabağ Zəfəri ilə bütün şəhidlərimizin ruhları şaddır. Azərbaycanın müstəqillliyi daimidir, ərazi bütövlüyümüz təmin olunub. Müasir müstəqil, qalib Azərbaycan yeni-yeni hədəflərə doğru inamla irəliləyir.

Xalqımız hər zaman şəhidlərimizin xatirəsini əziz tutur, onların ruhu qarşısında baş əyir, Allahdan rəhmət diləyirik.