YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbu-Dabi Dayanıqlılıq Həftəsi: Azərbaycanı yaşıl enerjinin mühüm ixrac mənbəyinə çevirəcək

Anar Məmmədov

Milli Məclisin deputatı

Azərbaycan Respublikası dövlət müstəqilliyi əldə edəndən sonra özünün xarici siyasət kursunda Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlərə mühüm yer ayırmışdır. Bu münasibətlər qarşılıqlı hörmətə, güclü dostluq və qardaşlığa əsaslanır. Bunu şərtləndirən əsas amil kimi isə ölkə rəhbərlərinin siyasi iradəsi və yaxın dostluq münasibətlərini xüsusi vurğulamaq lazımdır. Bu gün hər iki dövlət arasında əməkdaşlığımızın möhkəm hüquqi bazası var – ölkələrimiz arasında 40-dan çox sənəd, saziş imzalanıb. Bu da öz növbəsində investisiya əməkdaşlığına müsbət dinamika verib.

Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı da Prezident İlham Əliyev iki ölkə arasında olan əlaqələri yüksək qiymətləndirərək Azərbaycanın həyata keçirdiyi enerji siyasəti haqqında geniş məlumat verdi. Ölkə başçısının da qeyd etdiyi kimi enerji təhlükəsizliyi hələ bir neçə il əvvəl təmin edilib və bu gün Azərbaycan nəinki öz enerji tələbatını təmin edir, həmçinin xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir, bərpaolunan enerji ilə bağlı proqram isə tamamilə fərqli gündəliyə malikdir. Birincisi, bu onunla bağlıdır ki, nəhəng potensial var. İkincisi, Azərbaycan onun sayəsində ixracını şaxələndirəcək və nəticədə iqtisadiyyatın yeni ekoloji təmiz sektoru yaranacaq. Bu isə gələcəkdə bərpa olunan enerji sahəsində daha çox sərmayə və texnologiyanın cəlb edilməsinə imkan verəcək.

Cənab Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimindəki çıxışında onu da vurğuladı ki, Azərbaycanın bərpa olunan enerji sahəsində malik olduğu potensial rəqəmlər quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Eyni zamanda SOCAR ilə gələcəyin enerjisi üzrə Əbu-Dabinin “Masdar” şirkəti arasında Azərbaycanda ümumilikdə 4 QVt gücündə dənizdə külək və hidrogen layihələrinin, Günəş fotovoltaik və quruda külək layihələrinin işlənməsinə dair birgə işlənmə sazişləri imzalanıb. “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti arsında bu razılaşma qısamüddətli bir layihədir. Lakin ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Prezident İlham Əliyev bildirdi ki, “Masdar” şirkəti ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Həmçinin ölkəmizin beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər Azərbaycana 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Beləliklə, birgə səylər əsasında Azərbaycan və BƏƏ arasında əlaqələrin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyi, işğaldan azad olunmuş ərazilərdə alternativ enerji mənbələrinin istehsalı, texnoloji yeniliklərin tətbiqində BƏƏ-nin öz töhfəsini verəcəyi günümüzün reallığıdır.