YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

KORSİKA PROBLEMİ: FRANSA ÖZÜNÜ TƏKZİB VƏ İFŞA EDİR - TƏHLİL / VİDEO

Geosiyasi iqlim dəyişikliyinin müşahidə olunduğu bir vaxtda Fransanın ənənəvi mərəzi, yaxud köhnə xəstəliyi yenidən baş qaldırıb. Bu ölkənin rəsmiləri yenidən separatizm əhvalına bürünüblər. Daha dəqiq desək, dünyanın müxtəlif ölkələrində və bölgələrində bölücülüyə dəstək verməklə varlıqlarını xatırlatmağa çalışırlar. Amma unutduqları və xatırladıldığı zaman yoxa çıxdıqları bir məqam var: Korsika problemi.

Paradoksal haldır ki, korsikalıları ölkəni bölməkdə - parçalamaqda ittiham edən Fransa hakimiyyəti öz sərhədlərindən kənarda separatizmə dəstək verir. Parisin bir müddət əvvəl Qarabağdakı terrorçu və bölücülərə dəstək xarakterli bəyanatlarla çıxış etməsi belə mənfi nümunələrdəndir.

Bəs reallıq nədən ibarətdir? Özgə gözündə tir axtaran Parisin öz gözündə görmədiyi nədir?

Napoleon Bonapartın doğulduğu, dilinə və mədəniyyətinə görə Fransanın digər bölgələrindən fərqlənən, coğrafi baxımdan İtaliyaya daha yaxın olan Korsika adası bu günə qədər qaynar ictimai-siyasi proseslərə ev sahibliyi edib, mərkəzi hakimiyyətin siyasi hədəfinə çevrilib. Bu gün Fransanın 18 bölgəsindən biri sayılan, 350 min əhalisi olan ada məhdud muxtariyyəti təmin edən xüsusi regional status ilə idarə olunur, hakimiyyət səlahiyyətləri millətçilərin əlində cəmləşib. Fransanın ən yoxsul bölgəsi olan Korsikanın əhalisinin tələbləri bəllidir:

- muxtariyyətin genişləndirilməsi;

- siyasi məhbuslara amnistiya verilməsi;

- Fransa Konstitusiyasında Korsika üçün xüsusi yer ayrılması.

- “Korsika dili”nin Fransa konstitusiyasında rəsmi dil kimi təsbit olunması;

- Korsikada yalnız ada sakinlərinin mülk sahibi olmasına icazə verilməsi və s.

Fransa hakimiyyəti isə problemi aradan qaldırmaqda, yaxud məsələləri tənzimləməkdə acizdir. Ona görə də medianın və Fransa ictimaiyyətinin tənqid oxu hakimiyyətə tuşlanıb. Məsələn, “Mediapart” yazır ki, prezident Makronun məsələyə yanaşması qüsurludur. Sitat: “Çünki millətçilərin tələbləri illərdir bilinsə və hər seçkidə təsdiqlənsə də, hökumət konkret həll yolu müəyyənləşdirməyib, vaxt uzatmaqla məşğul olub. Ta ki zorakılıqlar baş verənə qədər... Bununla hökumət özünü ayağından vurur”.

“Le Monde” qəzetinin də yanaşması bənzərdir. Üstəlik, təkzibedilməz bir fakt aşkar ifadə olunur. Sitat: “Korsikalıların hüquqlarını heçə sayan hakimiyyət başqa ölkələrdə eyni iddia və ideyalara dəstək verir. Qəribə deyilmi?”.

“Le Figaro” nəşri isə məsələyə aydınlıq gətirir: “Korsikalı millətçilər tam müstəqillik tələbi irəli sürmürlər, onlar maddi cəhətdən asılı olduqları Fransadan sadəcə öz hüquqlarının artırılmasını istəyirlər. Paris isə hətta bu tələblərə belə dözümsüz yanaşır”.

Beləliklə, məsələnin mahiyyəti aydındır: separatizm adlanan bir problemə iki yanaşma, yaxud eyni məsələyə fərqli münasibət Avropanın siyasi lokomotivi adlandırılan, yenidən geosiyasi güc mərkəzinə çevrilmək iddiasında olan bir ölkə üçün üstünlük deyil, çatışmazlıqdır. Dünyanın hansı nöqtəsində olmasından asılı olmayaraq, separatizm qəbuledilməz və yolverilməzdir.

Paris bəzi suallara cavab verməlidir. Məsələn, digər regionlarda, xüsusilə Qarabağdakı kiçik separatçı qrupların taleyindən narahat olan Fransa hansı səbəbdən 300 mindən çox korsikalının vəziyyətindən nigaran deyil? Yaxud Fransa hakimiyyəti bölücülüyü bu qədər çox sevirsə, nə üçün dəstəyini korsikalı separatçılardan əsirgəyir?! Məgər belə hallar Korsikada separatizm adlandırılmalıdır, Qarabağda isə yox?!

Nəhayət, Fransada hakimiyyət olimpində yer alan siyasi qüvvələr nə vaxtsa dırnaqarası – qondarma status məsələsindən danışaraq ərazi bütövlüyünə zidd mövqe tutacaqlarsa... O zaman ilk növbədə, dönüb Korsika məsələsinə baxmalı, “xalqların öz müqəddəratını təyin etməsi” ideya və iddialarını məhz  orada reallaşdırmalıdırlar. Necə deyərlər, “ideya sahibinə fayda verər”.

DİGƏR Xəbərlər Arxiv