Xəbərlər
20 Yanvar-Mübarizliyin, əyilməzliyin və məğrurluğun nümayişi

Mirsüleyman Mirxaslı
YAP Cəlilabad rayon təşkilatının sədri
Dövlətçilik tariximiz, qürurlu və parlaq hadisələrlə zəngin olduğu kimi, çox təəssüf ki, kədərli və hüznlü hadisələrdən də xali deyil. 20 yanvar faciəsi bunlardan biridir. Bu hadisə və ondan əvvəlki tarixi hadisələr, XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürüdür. Azərbaycan torpaqları hesabına Ermənistan adlı dövlətin yaradılması, eyni zamanda mərhələlərlə, müxtəlif dövrlərdə ərazilərimizin ilhaq edilərək bu dövlətə peşkəş edilməsi, demoqrafik balansın dəyişdirilməsi məqsədi ilə azərbaycanlıların əzəli torpaqlarından deportasiya edilməsi nəticəsində təkcə sovet hakimiyyəti illərində ölkəmizin ərazisi 125.000 km²-dən 87.000 km²-ədək azalıb.
80-ci illərin sonlarında sovet rəhbərliyinin havadarlığı ilə başlayan və “miaçum” adlanan, Ermənistan ərazisində kompakt şəkildə yaşayan azərbaycanlıların qovulması və tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağın da Azərbaycandan qoparılaraq Ermənistana birləşdirilməsi məqsədi güdən “Dağlıq Qarabağ” hadisələri, artıq səbr kasası daşan xalqımızın bu ədalətsizliyə qarşı, cinayətkar sovet dövləti və onun başında duran Qorbaçov rejiminə qarşı öz etiraz səsini ucaltmasının təzahürü idi. Amma üzərinə öz vətəndaşlarının haqlı tələblərinə ədalətli yanaşmaq, Ermənistanın təcavüzkar hərəkətlərinin qarşısını almaq missiyası götürmüş sovet rejimi təcavüzkarı yerində oturtmaq əvəzinə, küçə və meydanlara çıxaraq dinc aksiyalar keçirən geniş xalq kütlələrinə qarşı misli görünməmiş vəhşiliyə, qətliama əl atdı. Bu faciə nəticəsində yüzlərlə günahsız həmvətənimiz qətl edildi, minlərlə insanımız yaralandı və ömürlük şikəst oldu. Amma bu hadisələr eyni zamanda 3 böyük həqiqəti də üzə çıxardı:
1) Bu hadisələr öz torpaqlarının növbəti dəfə hərraca çıxarılmasına dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqın mübarizliyinin, əyilməzliyinin, məğrurluğunun da nümayişi oldu.
2) Bu hadisələr həmçinin totalitar sovet rejiminin cinayətkar mahiyyətini bütün dünyaya nümayiş etdirdi.
3) Bu hadisələr xalqımıza o günlərdə meydanda həqiqi liderin olma-masının mahiyyətini də dərk etdirdi.
O dəhşətli günlərdə Heydər Əliyev kimi qüdrətli bir liderin respublikada olmaması bir həqiqət kimi dərk olundu. Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli Liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azər¬baycanın Moskvadakı daimi nümayən¬dəliyinə gəldi, təcavüzə kəs¬kin etirazını bildirdi, faciəni törədən¬ləri, şəxsən M.Qorbaçovu kəskin it¬tiham etdi, qoşunların Bakıdan çıxarıl¬masını tələb etdi.
Heydər Əliyevin 1990-cı il yanvarın 21-də imperiyanın mərkəzində, Mos¬kvadakı bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi. Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra bu məsələni yenidən gündəmə gətirdi, 20 Yanvar hadisələrini lazımınca qiymət¬lən-dirmək yolunda ciddi addımlar atdı. 1994-cü ilin mart ayında bu faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. 20 yanvar şəhidlərinin ailələrinin, bu hadisələrdə sağlamlığını itirən insanların dövlət qayğısı ilə əhatə edilməsi barədə qərarlar qəbul edildi. Həlak olmuş Azərbaycan vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adları verildi.
Heydər Əliyevin siyasətini davam etdirən Prezident İlham Əliyev tərəfindən 2006-cı ildə 20 Yan¬var şəhidlərinin ailələri üçün xüsusi Prezident təqaüdü təsis edildi.
Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazmış, xalqın milli azadlığı, ölkənin müstəqilliyi üçün yol açmış və canlarından keçərək şəhidlik zirvəsinə ucalmış insanlardır. Bu gün Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir məkan var – “Şəhidlər Xiyabanı”. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edir.
Nəsillər dəyişəcək, lakin vətən övladlarının xatirəsi ürəklərdə həmişə yaşayacaq. Xalqımız bu insanları, eləcə də canlarını vətənimizin ərazi bütövlüyü uğrunda, işğal edilmiş torpaqlarımızın azad edilməsi naminə fəda etmiş digər şəhidlərimizi unutmayacaq, onların həmişə əziz ruhunu minnətlə yad edəcək.