YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra 20 Yanvar faciəsinə həsr olunmuş video-çarx izlənilib.

Tədbiri giriş sözü ilə açan YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək, Qarabağdakı erməni vəhşiliyinə etiraz edən və Azərbaycanın müstəqilliyi, suverenliyi naminə şüarlar səsləndirən həmvətənlərimizi, dinc əhalini ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Belə ki, telestudiyanı partladaraq ölkənin tam informasiya blokadasına alınmasından sonra qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.

“Səs” Media qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev çıxışında deyib ki, XX əsrin 80-ci illərinin sonlarında ərazi bütövlüyümüzə, suverenliyimizə yaranan təhlükə xalqımızı coşdurdu, milli azadlıq hərəkatı inkişaf etməyə başladı. Mütəmadi etiraz mitinqləri keçirilirdi. Lakin tarixi ədalətsizliyi bərpa edib istiqlalına qovuşmaq istəyən xalqı sovet imperiyası müstəqil görmək istəmirdi. Bu məqsədlə imperiyanın xüsusi xidmət orqanlarının hazırladığı 20 Yanvar qırğını həyata keçirildi. Həmin gün öz konstitusiya hüquqları, ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış xalqımız sovet ordusunun zirehli tankları, tərkibində hətta ermənilərin də olduğu xüsusi təyinatlı hərbi dəstələri ilə üzləşdi. Bu dəstələr heç nəyə baxmadan dinc vətəndaşlarımızı gülləbaran etdilər, qətlə yetirdilər, tankların tırtılları altında əzdilər. Bu hadisə SSRİ rəhbərliyinin əsl mahiyyətini göstərdi.

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun Prezidenti Rauf Zeyni öz çıxışında qeyd edib ki, 20 Yanvar faciəsindən bir gün sonra ulu öndər Heydər Əliyev övladlarıyla birlikdə Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək Azərbaycan xalqına başsağlığı verdi və bu hadisələrdə əsas günahkar kimi o zamankı respublika və SSRİ rəhbərliyini, birinci növbədə Qorbaçovu göstərdi. Bu, 20 Yanvar qırğınına verilmiş birinci siyasi qiymət idi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın   20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar qırğınına dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ümumxalq Hüzn Günü elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov çıxışı zamanı bildirib ki, Sovet imperiyası tərəfindən xüsusi qəddarlıqla törədilən bu qanlı cinayət, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklərlə divan tutulması xalqımızın müstəqillik əzmini birdəfəlik sındırmaq məqsədi daşıyırdı. Lakin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bəyan etdiyi kimi "Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”. Öz xalqına bağlılığın və sonsuz sədaqətin əyani təsdiqi olan həmin bəyanatda sovet rəhbərliyinin Azərbaycana qarşı törətdiyi qatı cinayət hüquqa, demokratiyaya, humanizmə zidd hesab edilir, eyni zamanda təkrarsız cəsarət hissi ilə sovet qoşunlarının dərhal respublikamızdan çıxarılması tələbi irəli sürülürdü. Sonralar da Ümummilli Liderimiz Heydər Əliyev 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar gününün Ümumxalq hüzn günü elan olunması, bu faciədə şəhid olmuş insanların ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması kimi mühüm tədbirlərin həyata keçirilməsini təmin edib.    

Sonda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov söyləyib ki, Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev” ili elan edilib. Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən “Heydər Əliyev” ili ilə əlaqədar 2023-cü il ərzində Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub. Qeyd edib ki, Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi Prezident İlham Əliyev tərəfindən daim diqqət mərkəzindədir. Biz şəhidlərimizin qanlarının yerdə qalmaması üçün müstəqilliyimizin qədrini bilməliyik. 44 günlük Vətən müharibəsi xalqın qəlbində olan Vətən sevgisinin nə qədər böyük olduğunu bir daha sübut etdi və bu müharibədə canından keçən şəhidlərimizin, Azərbaycan xalqının qan yaddaşı olan 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.