YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünyada cərəyan edən proseslər, yeni reallıqlar yeni Qanunun hazırlanmasını zəruri etdi

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Artıq qüvvədən düşmüş “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 30 il bundan əvvəl - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Ötən 30 il ərzində ölkəmizin ictimai-siyasi həyatında, siyasi münasibətlərdə köklü dəyişikliklər baş verib.  Bu günədək əvvəlki Qanuna 27 dəfə əlavə və dəyişiklik edilib. Sözsüz ki, Qanun qəbul olunduğu dövrün reallığını əks etdirirdi. Azərbaycan dövlət müstəqilliyini yenicə bərpa etmişdi, o zamanın hədəfləri tamamilə fərqli idi. Təbii ki, dünyada cərəyan edən proseslər, yeni reallıqlar, müasir çağırışlar “Siyasi partiyalar haqqında” yeni qanunun hazırlanmasını zəruri edirdi. Çoxpartiyalı sistemin daha möhkəm əsaslar üzərində qurulması, demokratik ənənələrin təminatçısı olan siyasi dialoqun inkişaf etdirilməsi yeni qanunun hazırlanmasına təkan verdi.

Qeyd edək ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması, müzakirəyə çıxarılması və təsdiqlənməsi ölkəmizdə aparılan siyasi islahatların davamı və zamanın tələbi idi. Hazırlanan yeni qanun layihəsinin dövrün tələblərinə cavab verməsi üçün Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara öz təkliflərini bildirmələri üçün müraciət edildi. Beləliklə, 47 siyasi partiyanın 250-dən çox təklifi əsasında hazırlanan yeni qanun layihəsi Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd oldu. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə Milli Məclisdə 2 ictimai dinləmə keçirilmişdir.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması zamanı ictimai rəyin öyrənilməsi xüsusi ilə diqqət mərkəzində saxlanılıb. “Siyasi partiyalar haqqında” qanun layihəsində ictimai müzakirələrində həm parlamentdə təmsil olunan, həm təmsil olunmayan partiyaların iştirak etməsi, ictimai müzakirələr zamanı səsləndirdikləri fikirlərin, təkliflərin sənəddə öz əksini tapması siyasi partiyaların daha səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır. Yeni Qanunda siyasi partiyanın anlayışı, partiyaların təsis edilməsi və ləğvinin əsasları, qeydiyyata dair tələblər, partiyanın maliyyələşməsi, dövlət tərəfindən maliyyə yardımı, ianələrlə bağlı məsələlər və digər məqamlar əksini tapır. Eyni zamanda, siyasi partiyalara sənədlərin toplanması ilə bağlı verilən müddət artırılıb, partiyanın təsis edilməsi, qeydiyyatı, sənədlərin yoxlanılması ilə bağlı rəqəmlər azaldılıb.

Yeni Qanun “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunun tələblərinə tam cavab verir. “Siyasi Partiyalar haqqında” yeni qanun  Azərbaycanda mövcud siyasi sistemin daha da təkmilləşməsinə xidmət göstərəcək. Bu qanun  Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaq