YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qanun siyasi münasibətlərin inkişafında mühüm rol oynayacaq

Samir Vəliyev

Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri

Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların təzahürü olaraq cəmiyyətimizdə yeni siyasi konfiqurasiya formalaşıb. Yeni siyasi konfiqurasiya siyasi partiyalar arasında yeni münasibətləri, dialoq mühitinin inkişafını özündə ehtiva edir. Məhz bu səbəbdəndir ki, bir çox məsələlərdə siyasi partiyalar konstruktiv əməkdaşlıq edirlər. Bu islahatların nəticəsidir ki, Milli Məclisin rəhbərliyində, eləcə də komitə sədr və müavinləri arasında siyasi partiyaların, o cümlədən müxalifət partiyalarının nümayəndələri təmsil olunurlar. Bu fakt həm də, ölkəmizdə siyasi dialoqun inkişafının nümunəsidir. Eyni zamanda, son illər ölkəmizdə siyasi mədəniyyətin formalaşması da məmnunluq doğuran amillər sırasındadır. 44 günlük Vətən müharibəsində ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti birgə bəyanatla çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və rəşadətli Ordumuza dəstək nümayiş etdirdilər.

Beləliklə, Vətən müharibəsində tarixi Zəfərdən sonra ölkədə formalaşmış siyasi konfiqurasiya, yeni siyasi dialoq mühiti və dünyada baş verən yeni tendensiyalar qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşməsi üçün siyasi partiyalar haqqında yeni qanunun hazırlanmasını zəruri etmişdi. Çünki 1992-ci ildə qəbul olunmuş qanun günün tələblərinə cavab vermirdi. Bunun məntiqi nəticəsi olaraq, bir neçə ay əvvəl parlamentdə təmsil olunan bütün siyasi partiyalar Milli Məclisin rəhbərliyinə müraciət edərək siyasi partiyalar haqqında yeni qanun layihəsinin hazırlanmasını təklif etdilər. Ötən dövrdə yeni qanun hazırlanaraq ərsəyə gətirildi, ölkədə fəaliyyət göstərən siyasi partiyalara qanunla bağlı təkliflər vermələri tövsiyə edildi, 47 partiya sənədlə bağlı öz təkliflərini verdi. Yeni qanun layihəsi ilə bağlı parlamentdə ictimai dinləmələrin keçirilməsi də bu yöndə müsbət addım oldu. Sənədin hazırlanması zamanı  Azərbaycanda mövcud siyasi sistemin bütün xüsusiyyətləri və Avropa dövlətlərinin bu sahədə təcrübəsi nəzərə alınıb. Eyni zamanda, beynəlxalq təşkilatların rəyləri də diqqət mərkəzində olub. Geniş müzakirələrdən sonra Milli Məclis ötən ilin dekabr ayında “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini üçüncü oxunuşda qəbul etdi. Bir neçə gün əvvəl isə dövlət başçısı qanunu təsdiqlədi.

Qeyd etmək lazımdır ki, yeni qanunda mütərəqqi yeniliklər əksini tapır. Qanunun ilkin variantında dövlət qeydiyyatına alınması üçün siyasi partiyanın azı 10 000 üzvünün olması tələb edilirdisə, yekun variantında bu tələb 5000-ə endirilib. Sənədə əsasən, siyasi partiyanın adı, qısaldılmış adı və rəmzləri dövlət orqanlarının (qurumlarının), yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış və ya ləğv edilmiş hüquqi şəxslərin, o cümlədən digər siyasi partiyanın adından, adının qısaldılmış formasından və rəmzlərindən fərqlənməlidir, qanunla qorunan əmtəə nişanlarını təqlid etməməlidir. Siyasi partiyanın adında, qısaldılmış adında və rəmzlərində irqi, dini, mənşə, cinsi, etnik xüsusiyyətlərə istinad olunması, habelə fiziki şəxslərin adlarından istifadə edilməsinə yol verilməyəcək. Bundan əlavə, layihədə siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün dövlət tərəfindən maddi yardım ayrılması qaydası da müəyyənləşib. Belə ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalarla yanaşı, parlamentdən kənarda qalan partiyalara da maliyyə veriləcək. Bu, qanunun müvafiq maddələri ilə tənzimlənəcək. Qanuna əsasən  siyasi partiyaların Azərbaycan Respublikasının hüdudlarından kənarda istənilən növ (hər növ maliyyə təşkilatları daxil olmaqla) hesab açması qadağandır. Siyasi partiya pul vəsaitini yalnız milli valyutada və nağdsız qaydada bank hesabına köçürmə yolu ilə qəbul edir. Yenilik isə odur ki, siyasi partiyaların aldıqları üzvlük haqları, ianələr və digər əvəzsiz köçürmələr Vergi Məcəlləsinə uyğun olaraq mənfəət vergisindən azad olunacaq.

Ümumiyyətlə, dövlət başçısı tərəfindən təsdiq olunmuş “Siyasi partiyalar haqqında” qanun cəmiyyətdə milli həmrəylik, siyasi dialoq mühitinin daha da güclənməsinə xidmət edəcək. Siyasi partiyalar vətəndaşlarımızın milli maraqlar ətrafında birləşməsində, konsolidasiya olunmasında və demokratik cəmiyyətin təşəkkülündə daha fəal iştirak etmək imkanı qazanacaq. Bu prosesdə cənubi Qafqazın ən güclü siyasi qüvvəsi, cənab İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası da öz töhfələrini verəcək!

DİGƏR Xəbərlər Arxiv