YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan yaşıl enerjinin əsas ixrac mənbəyinə çevriləcək

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxış edərkən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Azərbaycanda investisiya mühiti çox müsbətdir. Ölkəmiz neft və qaz sektoruna böyük sərmayələr cəlb edib. Nəticədə artıq ölkəmiz özünün enerji təhlükəsizliyini tamamilə təmin edib. Azərbaycan öz enerji tələbatlarını təmin etməklə bərabər xam neft, neft məhsulları, təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edən ölkədir.

Azərbaycan hələ iki il əvvəl uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi kimi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırmış və ölkəmizdən Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini yaratmışdır. Yaradılan bu və digər müasir enerji infrastrukturu sayəsində neft-qaz ixracı artmaqdadır. Əgər ölkəmizin təbii qaz ixracı 2021-ci ildə 19 milyard kubmetr idisə, cari ildə bu rəqəm 24 milyard kubmetrə çatacaq.

Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində çıxışı zamanı Prezident cənab İlham Əliyev artıq Azərbaycan dövlətinin hədəfində bərpaolunan enerji sahəsini inkişaf etdirmək olduğunu vurğuladı. Azərbaycanı bərpaolunan enerji mərkəzlərindən birinə çevrirmək planları ölkəmizin yalnız öz enerji təhlükəsizliyi ilə bağlı deyil. Ölkə başçısının açıqlamasından bəlli olur ki, Azərbaycan dövlətinin bərpaolunan enerji ilə bağlı proqramı tamamilə fərqli gündəliyə malikdir. Bu sahənin inkişafı böyük potensialın olması ilə bağlıdır. Nəticədə isə Azərbaycan öz ixracını şaxələndirmək imkanı qazanacaq.

Ölkəmizin quruda 27 qiqavatlıq külək və günəş enerjisi, Qarabağ və Şərqi Zəngəzurda 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır. Odur ki, Prezident cənab İlham Əliyev ixrac marşrutlarının yaradılması üçün də mümüm işlər həyata keçirir. Buna nümunə olaraq ötən il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya tərəfindən  Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Sazişin imzalanmasını qeyd etmək olar.  Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalan bu Saziş əsasında çəkiləcək kabel Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanı yaradacaq. Həmçinin ölkəmizin beynəlxalq enerji şirkətləri ilə imzaladığı anlaşma memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Bərpaolunan enerji istehsalı sahəsində Azərbaycanın “Masdar” şirkəti ilə əməkdaşlığı özünəməxsus yer tutur. Belə ki, “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzalayıblar. Gələcəkdə əməkdaşlığın genişləndirilməsi nəticəsində istehsal gücü 10 qiqavata qədər artırılacaq. Ümimilikdə, ölkəmizin “Masdar” ilə əməkdaşlığı Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.