YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni qanun siyasi spektrdə böyük canlanma yaradacaq

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Siyasi partiyalar vətəndaş cəmiyyətində hüquqi dövlət arasında əlaqələndirici vəsilə kimi çıxış edirlər. Ona görə də cəmiyyətin aparıcı qüvvəsi olan siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi qanunvericilik aktlarının mövcud reallıqlara əsaslanması vacib şərtlərdən biridir. 1992-ci ildə qəbul olunmuş “Siyasi partiyalar haqqında” qanun necə deyərlər, “ən yaşlı” qanunlardan biri idi. Sonrakı illərdə ona müəyyən dəyişikliklər edilsə də, müasir dövrümüzlə ayaqlaşmaq üçün, məsələyə kompleks baxışın ortaya qoyulması vacib idi.  Ötən 30 il ərzində ictimai-siyasi həyatımızda, siyasi münasibətlərdə mühüm dəyişikliklərin baş verməsi, siyasi proseslərin cəmiyyətə diqtə etdiyi reallıqlar  yeni qanunun hazırlanıb qəbul olunmasını zəruri edirdi.  

Yeni qanunun qəbul edilməsi və cənab Prezident tərəfindən imzalanması ölkədə demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış mühüm addımdır. Çoxpartiyalı sistemin daha da inkişafı və siyasi sistemin təkmilləşdirilməsi üçün qanunvericilik sahəsində atılan bu addım təqdirəlayiq haldır.

Qanunun layihə variantında ictimai müzakirələrdən keçməsi mütərəqqiliyi, dövrün, zamanın tələblərindən irəli gəlməsi ilə diqqət çəkir. Qanun layihəsinin hazırlanmasında Avropanın qabaqcıl ölkələrinin təcrübəsi, milli-mənəvi dəyərlərin qorunub saxlanması, ölkədə mövcud olan siyasi sistem nəzərə alınıb. Sənədin hazırlanmasında, həmçinin, Avropa Şurasının Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi ilə bağlı tövsiyələri də nəzərdən keçirilib.  

Yeni qanunda siyasi partiyanın necə təsis edilməsi, reyestrdə onlarla bağlı hansı məlumatların olması, partiya fəaliyyəti üçün tələblər, habelə siyasi partiyaların fəaliyyətinə nəzarət mexanizmləri, partiya üzvlüyünə məhdudiyyətlər, partiyaların rəmzlərinin müəyyənləşməsi, onların  maliyyələşməsinin təşkili, qeydə alınmayan və ya qeydiyyatı ləğv edilən siyasi partiyanın fəaliyyətinin nədən ibarət ola biləcəyinə və sair məsələlərə dair məqamlar yer alıb. Hazırkı mərhələdə ölkəmizin yaratdığı yeni siyasi reallıqlar bütün aparıcı milli institutlarımız, ən əsası isə siyasi partiyalarımız qarşısında yeni vəzifələr və çağırışlar müəyyənləşdirib. Ona görə də siyasi partiyalar haqqında qanun da bu çağırışların və vəzifələrin reallaşmasına hüquqi əsaslar yaratmalı idi. Yeni qanun da  siyasi sitemimizdə yeni keyfiyyət dəyişikliyi yaradacaq qədər təkmildir.

Əminliklə demək olar ki, bu qanun siyasi spektrdə böyük canlanma yaradacaq və ölkədə mövcud olan siyasi partiyaların fəaliyyəti üçün əsl lokomotiv rolunu oynayacaq, eyni zamanda siyasi qüvvələr arasında faydalı və mövcud siyasi konfiqurasiyanın ahənginə uyğun olan şəffaf münasibətlərin formalaşması üçün də zəmin yaradacaq.