YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Siyasi partiyalar haqqında” Qanunun yenilənməsi zərurət idi

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Azərbaycanda “Siyasi partiyalar haqqında” Qanun ilk dəfə 3 iyun 1992-ci il tarixdə qəbul edilmişdir. Qanunun  qəbul edilməsindən ötən 30 ildən çox vaxt ərzində ölkəmiz davamlı olaraq inkişaf etmiş və yeni siyasi konfiqurasiya formalaşmışdır. Məhz bu baxımdan “Siyasi partiyalar haqqında” qanunun yenilənməsi zərurəti meydana çıxmışdı.

Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün ötən ilin ortalarında Milli Məclisin sədrinə müraciət etmişlər.Yeni qanun layihəsinin hazırlanması ilə bağlı siyasi partiyaların təklifi dəstəklənmiş və yeni qanun layihəsinin hazırlanması üçün işlərə başlanılmışdır.

Ölkəmizdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanarkən 24 ölkənin təcrübəsi öyrənilmiş və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınmışdır. Yeni qanun layihəsi hazırlanarkən 47 siyasi partiyadan 250-dən çox təklif alınmışdır. “Siyasi partiyalar haqqında” yeni  qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilmişdir. İctimai dinləmələrdən sonra Qanun layihəsində müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra isə müsbətə doğru 40-dək əlavə və dəyişiklik edilmişdir.

Qəbul edilmiş  yeni Qanunda diqqət çəkən çox mühüm və müsbət məqamlar öz əksini tapmışdır. Mühüm məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımının göstərilməsi məsələsidir. Yeni Qanuna əsasən siyasi partiyalar ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcəklər. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək və ya çap mediasının iştirakçısı olmaq üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər.

Bundan əlavə, “Siyasi partiyalar haqqında” Qanunda yeni məqamlardan biri də odur ki, siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir.

Ümumiyətlə, yeni qəbul edilmiş “Siyasi partiyalar haqqında” Qanunla tanış olarkən görürük ki, siyasi partiyaların müasir dövrün tələbləri çərçivəsində öz fəaliyyətlərini qura bilmələri üçün münbit hüquqi şərait yaradılır. Ölkədəki mövcud demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitinə tam uyğunlaşdırılaraq qəbul edilmiş yeni qanun sağlam siyasi mühitin formalaşmasında və yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsində mühüm əhəmiyyətə malik olacaq.