YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sülhə mane olan kimdir?

Qalib Azərbaycan dövləti 2022-ci ili uğurla yola saldı. Dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınan ölkəmiz ötən il iqtisadi və sosial sahədə müsbət makroiqtisadi göstəricilərə nail oldu, beynəlxalq müstəvidə milli maraqlarını qətiyyətlə təmin etdi. Müharibədən təzə çıxmış, ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkəmizin Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa və yenidənqurma işləri, sosial siyasətimizin dəyişməz olaraq qalması bir daha təsdiq edir ki, Prezident cənab İlham Əliyevin iqtisadi strategiyası dövlətimizin qarşısında dayanan məqsədləri layiqincə təmin edir.

Bu fikirləri açıqlamasında YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, ölkə başçımız İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində ötən il bizim ümumi daxili məhsulumuzun rekord həddə çatdığını diqqətə çatdırıb: “Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir”.

Əsas məqsədimizin ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etmək olduğunu vurğulayan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində aparılan islahatlar öz bəhrəsini verir. Minimum əmək haqqının 15 faiz artması, 345 manata çatması, minimum pensiyaların 16,7 faiz artırılması, 280 manata çatması inflyasiyanın fəsadlarının yumşaldılmasına hesablanıb. Son illərin təcrübəsi onu göstərir ki, iqtisadi imkanlarımız artdıqca, gələcəkdə də buna oxşar addımlar atılacaq. Dünyada baş verən proseslər fonunda müharibədən təzə çıxmış Azərbaycan sürətli inkişaf dövrünü yaşayırsa, problemlərin böyük hissəsini həll edə bilirsə, işğaldan azad edilmiş torpaqlarla yanaşı ölkənin bütün yerlərində investisiya layihələri icra edilirsə bu, bizim iqtisadi gücümüzdən, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili dayandığından xəbər verir.

Ramil Orucov vurğulayıb ki, artıq Qarabağ və Şərqi Zəngəzura qayıdış üçün yeni yollar salınır. Həmin yolların inşa edilməsi ilə işğaldan azad edilmiş ərazilərdə möhtəşəm yol şəbəkəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə ərməğandır. Ölkə Prezidenti cənab İlham Əliyev müsahibəsində işğaldan azad olunmuş ərazilərdə bu il icra layihələrdən danışarkən qeyd edib ki, cari ildə infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək.

Haqq savaşından qalib çıxan Azərbaycan ordu quruculuğunu, qoşunların modern döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyətini bundan sonra da davam etdirəcək. Ermənistanda hələ də güclü revanşist əhvali-ruhiyyə mövcuddur. Düzdür, Azərbaycan Ordusu müharibədən sonra baş verən hadisələr zamanı düşmənin cəzasını layiqincə və artıqlaması ilə verib. Bununla belə, arxayınlaşmaq olmaz. Müzəffər ordumuzun döyüş imkanlarının artırılması daim diqqət mərkəzində olacaq. “Bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq”, - deyə Prezident cənab İlham Əliyev bildirib.

Eyni zamanda dövlət başçımız yerli televiziya kanallarına müsahibəsində Avropa İttifaqının ikili standartlar siyasətini sərt tənqid edərık 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış vəziyyət barədə fikirlərini və mövqeyini bildirib.

İkinci Qarabağ müharibəsinin başa çatmasından və Ermənistanın kapitulyasiya aktına imza atmasından iki ildən çox vaxt keçir. Amma buna baxmayaraq, Ermənistan tərəfi, hələ də mövcud reallıqlardan yayınmaq üçün erməni xalqını və beynəlxalq ictimaiyyəti aldatmaqda davam edir. Ermənistan hakimiyyəti regionda davamlı sülhün təmin olunması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan layihələri sabotaj etməklə, rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklərin icrasından yayınmağa çalışır. İstər 10 noyabr üçtərəfli Bəyanatda, istərsə də 11 yanvar 2021-ci ildə keçirilən Moskva görüşündə qəbul olunan Bəyannamədə əksini tapan müddəaların icrası istiqamətində Azərbaycan üzərinə düşən öhdəliyi yerinə yetirir. Amma Ermənistan sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olduğunu açıq-aydın büruzə verir. Sərhəddəki təxribatlara görə, Ermənistan rəhbərliyini sərt ittiham edən Prezident cənab İlham Əliyev “Sadəcə olaraq, Ermənistan öz anti-Azərbaycan, islamofob, antitürk xislətlərindən əl çəkməlidir. Ermənistan da təbii olaraq bundan fayda götürə bilər” fikri ilə bir daha öz mövqeyini xatırladıb.

Dünya artıq bölgədə sülhə mane olanları yaxşı tanıyır. Həm də dünyada gedən proseslər göstərir ki, bölgədə Azərbaycanın razılığı olmadan hər hansı bir layihə reallaşa bilməz. Ən əsası, ölkə Prezidentinin yerli televiziya kanallarına müsahibəsində qeyd etdiyi kimi, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq!- deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov əlavə edib.