YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlətimizin əsas prioritetlərindəndir

Əlişah Rəcəbov

YAP Ağdaş rayon təşkilatının sədri

Prezident İlham Əliyevin yerli televiziya kanallarına yanvarın 10-da verdiyi müsahibəsində diqqət çəkən məqamlardan biri anti-Azərbaycan mövqeyi tutan Fransa ilə bağlı səsləndirdiyi fikirlər oldu. Ölkə başçısı bildirdi ki, Fransa hər vəchlə çalışır ki, nə sülh, nə hərb olsun, məsələ dondurulmuş vəziyyətdə qalsın. Bu ölkənin anti-Azərbaycan mövqeyinin əsas səbəbi odur ki, Azərbaycan dövləti Fransanın planlarını alt-üst edib və onlar da öz himayəsinə aldıqları Ermənistanı xilas edə bilməybilər. Fransa indiki hökumətə qədər həmişə balansı saxlamağa çalışırdı. Mövcud vəziyyət indiki Fransa hökumətinin əməlidir. Prezident İlham Əliyev onu da qeyd etdi ki, Fransada gələcəkdə elə bir hökumət formalaşacaq ki, Azərbaycanla olan əlaqələri qiymətləndirəcək. Çünki Azərbaycan dövləti həmişə öz siyasətində ancaq dostluq niyyəti onlarla əməkdaşlıq edir. Müharibə zamanı da Fransa BMT-də Azərbaycana  qarşı bir təşəbbüsə əl atmışdı. Lakin Fansanın bu cəhdi baş tutmamış, Qoşulmama Hərəkatına üzv olan ölkələr bunun qabağını almışdılar. Ümumiyyətlə, Fransanın bütün digər cəhdləri də uğursuzluğa düçar olub.

Ölkə başçısı müsahibəsi zamanı Laçın-Xankəndi yolunda azərbaycanlı ekofəalların aksiyasına münasibət bildirərkən qeyd etdi ki, aksiyada iştirak edən gənclər gecə-gündüz şaxtalı-qarlı havada öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Ölkə başçısı onu da vurğuladı ki, müharibədən sonra iki il ərzində Ermənistan görməli olduğu işlərin heç birini görməyib. Ermənistanın hakimiyyət orqanları məsuliyyəti tamamilə öz üzərinə götürməli və sülh müqaviləsi imzalanmasına hazır olmalıdır. Praqada qeydə alınmış, sonra oktyabrda Soçidə təsdiq edilmiş məsələləri təsbit etməlidirlər. Ərazi bütövlüyünə və suverenliyə, Alma-Ata Bəyannaməsinə istinad edilməsi açıq-aydın onu göstərir ki, Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır.

Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri haqqında danışarkən isə bildirdi ki, bütün keçmiş köçkünlər zamanla öz dədə-baba torpaqlarına qayıdacaqlar və 2023-cü il artıq Böyük Qayıdışın ilk addımlarından biri olacaq. Bu il məhz Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışı təmin olunacaq. Belə ki, Laçında hazırda yüzlərlə ev,  o cümlədən ictimai binalar yenidən qurulur, təmir edilir. Bununla paralel olaraq, bir çox kəndlərdə artıq inşaat işləri başlanıb. Təqribən birinci mərhələdə 100-ə qədər yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Həmçinin Şuşa, Ağdam, Füzuli və Zəngilanda çoxmərtəbəli evlərin tikintisinə də başlanılıb. Böyük Qayıdış haqqında danışarkən ölkə başçısı vurğuladı ki, infrastruktur olmadan insanları köçürmək mümkün deyildi. Qarabağ və Şərqi Zəngəzurda infrastrukturun qurulması üçün çox böyük işlər görülüb və bu işlər davam etdirilir. Bu ərazilərdə elektrik enerjisi ilə bağlı bütün məsələlər həll olunub. Bütün Qarabağ və Şərqi Zəngəzur vahid bir enerji şəbəkəsinə qoşulub. Azad olunmuş torpaqlarda 11 su elektrik stansiyası inşa edilmişdir ki, onların generasiya gücü təqribən 55 meqavata yaxındır. Bundan əlavə, hazırda 7 stansiya inşa edilir. Bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 50-yə yaxın su elektrik stansiyası yaradılacaq.

İşğaldan azad edilmiş ərazilərdə müasir standarlara əsaslanan yol infrastrukturu da yaradılır. Belə ki, iki min kilometrdən çox avtomobil yolu salınır, körpülər tikilir. Körpülərin sayı 100-dən çox olacaq. Təsdiq edilmiş layihələr çərçivəsində 50 kilometr uzunluğunda tunellər çəkilir.

Ölkəmizin ərzaq təhlükəsizliyini təmin etmək üçün Qarabağ və Şərqi Zəngəzurda əkin işləri aparılaraq təqribən 60 min hektarda taxıl səpilmişdir. Bu ərazilərdə həmçinin sənaye parkları  da yaradılır. Bu işlər çərçivəsində Ağdam Sənaye Parkında artıq 40 milyon manatlıq, Cəbrayıl Sənaye Parkında isə 10 milyonluq investisiya layihələri təsdiqlənmişdir.  Ümumiyyətlə, ölkə başçısının müsahibəsində səsləndirdiyi fikirlər bir daha təsdiq edir ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlətimizin əsas prioritetlərindəndir.