YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Qanun siyasi partiyaların rolunun artmasını şərtləndirəcək

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı

Ölkəmizdə "Siyasi partiyalar haqqında" əvvəlki qanunun 30 il öncə - 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. Təbii ki, bu müddətdə Azərbaycan davamlı olaraq inkişaf etmiş və ölkənin ictimai-siyasi həyatında köklü dəyişikliklər baş vermişdir. Həmçinin ölkəmizdə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruri etmişdir. Bu baxımdan Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni Qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etmişlər. Yeni qanun layihəsinin hazırlanması ilə bağlı siyasi partiyaların təklifi Milli Məclisin sədri tərəfindən dəstəklənmiş və yeni qanun layihəsinin hazırlanması haqqında tapşırıq verilmişdir.

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin təcrübəsi öyrənilmiş, həmçinin ölkənin siyasi sistemi və milli xüsusiyyətləri, bununla yanaşı, Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi haqqında tövsiyələri nəzərə alınmış, 24 ölkənin təcrübəsi öyrənilmişdir. Milli Məclis tərəfindən ölkədə fəaliyyət göstərən siyasi partiyalara  öz təkliflərini bildirmələri üçün müraciət edilmiş və 47 siyasi partiyadan 250-dən çox təklif alınmışdır.

“Siyasi partiyalar haqqında” Qanun layihəsi hazırlanan zaman bir çox mühüm məsələlər təmin edilmişdir. Belə ki, Milli Məclisin tarixində ilk dəfə olaraq komitə iclasına çıxarılmazdan əvvəl Qanun layihəsi Mili Məclisin saytında rəy və təkliflərin bildirilməsi üçün yerləşdirilmiş, Sosial Tədqiqatlar Mərkəzi tərəfindən Qanun layihəsində əksini tapmış əsas məsələlər ilə bağlı ictimai rəy sorğusu keçirilmişdir.

Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirilmişdir. İctimai dinləmələrdə, mətbuat və sosial şəbəkələrdə sənədlə bağlı aparılan müzakirələrdə təqdim olunan təkliflər nəzərə alınaraq, qanun layihəsi üzərində iş davam etdirilmiş və sənəd yenilənmiş variantda müzakirəyə çıxarılaraq səsləndirilmiş fikirlər sənəddə öz əksini tapmışdır. Belə ki, Qanun layihəsində dinləmələrdən sonra müsbətə doğru 70-dək, Milli Məclisdə komitə və plenar iclaslardan sonra müsbətə doğru 40-dək əlavə və dəyişiklik, ümumilikdə 110 düzəliş edilmişdir. Eyni zamanda, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si Qanun layihəsində nəzərə alınmışdır. Bir sözlə,  qanun layihəsi “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun  tələblərinə uyğun formada hazırlanmışdır.

“Siyasi partiyalar haqqında” yeni Qanunda diqqət çəkən çox mühüm və müsbət məqamlar vardır. Yeni qanuna əsasən dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Bundan əlavə, əvvəlki Qanundan fərqli olaraq siyasi partiyaya ictimai-siyasi nəşrlərin, digər təbliğat və təşviqat materialların hazırlanması və satışı ilə bağlı olan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa icazə verilir. İcazə verilmiş sahibkarlıq fəaliyyətinin növləri ilə məşğul olmaq, həmçinin “Media haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq çap mediasını təsis etmək və ya çap mediasının iştirakçısı olmaq üçün siyasi partiya təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilər. “Siyasi partiyalar haqqında” Qanunda yeni məqamlardan biri də odur ki, siyasi partiyanın ali və qurultayarası kollegial idarəetmə orqanlarının iclaslarının epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejiminin tətbiqi ilə əlaqədar real vaxt rejimində videokonfrans sistemi vasitəsilə keçirilməsinə yol verilir.

Dövlətin idarə olunmasında və hakimiyyətin formalaşmasında əsas institutlardan biri partiyalardır. Odur ki, qəbul edilmiş yeni qanun ölkədəki mövcud demokratik prinsiplərə əməl edilməklə, şəffaflıq şəraitinə tam uyğunlaşdırılaraq xalqın siyasi iradəsini ifadə edir.

“Siyasi partiyalar haqqında” yeni qanun sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilıməsində mühüm əhəmiyyətə malik olacaq. Yeni qəbul edilən Qanun çoxpartiyalı sistemin yaradılmasına, partiyaların ölkənin ictimai-siyasi həyatında rolunun artmasına xidmət edəcək. “Siyasi partiyalar haqqında” qəbul edilmiş yeni  Qanun həmçinin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa öz müsbət töhfəsini verəcək.